Azərbaycanca

Allah sənə rəhmət eləsin, Prokudin-Qorski

Bəzi çoxbilmiş soydaşlarımız tələsik “ona rəhmət düşmür” deyəcək yəqin, amma dilimizdəki bu ifadə kökünü ərəbcə “رحمة الله عليه”, yəni vəfat etmiş bir adam barədə “Allahın ona rəhmi gəslin” diləyindən götürür. Bu dilək də öz ünvanına – hər şeyi eşidən və görənə, rəhmdillərin ən rəhmlisinə yetişibsə, artıq söz-söhbətə nə hacət.

Mirzə Cəlil də 1907-ci ildə öz “Qurbanəli bəy” hekayəsini “Qoqol, Allah sənə rəhmət eləsin” epiqrafı ilə başlamışdı. Yəqindir ki, rus ədəbiyyatının klassiki Nikolay Vasilyeviç Qoqolun (1809-1852) tənqidi, satirik əsərləri Cəlil Məmmədquluzadə (1869-1932) yaradıcılığına böyük təsir göstərib və “Molla Nəsrəddin” ədəbi məktəbinin meydana gəlməsinə təkan verib.

Sergey Mixayloviç Prokudin-Qorski (1863-1944) dünyada rəngli fotoqrafiyanın pionerlərindən hesab edilir. Ona rəhmət diləməyimizin səbəbi isə Azərbaycan və azərbaycanlıların yəqin ki, tarixə məlum ilk rəngli foto-şəkillərinin müəllifi olmasıdır.

Prokudin-Qorski kimdir?

Maraqlıdır ki, Prokudin-Qorski nəsli başlanğıcını Qızıl Ordadan oğulları ilə Moskva Knyazlığına gələrək, pavoslavlığı və Pyotr adını qəbul etmiş tatar knyazı Murza Musa (1350-?) ilə bağlayır. Nəslin gerbindəki ay-ulduz tatar köklərinə, simvolik çay şəkli isə Don çayının qolu olan Nepryadva çayına və Kulikovo döşüyündə iştiraka işarədir. Deyilənə görə, 1380-ci ildə böyük knyaz Dmitrinin (1350-1389) ordularının Mamay xanın (1335-1381) qoşununa qalib gəlməsi ilə nəticələnən bu döyüşdə Pyotr bütün oğullarını itirir. Bu qələbədən sonra Donskoy ləqəbini almış knyaz Dmitri fədakarlığına görə Pyotra Ryuriklər sülaləsindən Mariya adlı bir knyaginyanı ərə verir və Qora (rusca “dağ”) adlanan votçina torpaqlarını hədiyyə edir. Qorski soyadı Pyotr Qorski ilə başlayır, onun nəvəsi olan Prokuda (və ya “prokaznik” – rusca “nadinc”) ləqəbli Prokopi Alfyoroviç (1420-1450) və törəmələri isə Prokudin-Qorski adlanır.

Sergey Mixayloviç Prokudin-Qorskinin qısa bioqrafiyasından belə görünür ki, 1890-cı ilə, yəni 27 yaşına qədər o, çox müxtəlif istiqamətlərdə təhsil alır. 1883-86-da Aleksandr Liseyində oxuyur, 1886-88-də Sankt-Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsində təbiət fənləri üzrə mühazirələr dinləyir, 1888-90-da İmperator Hərbi-Tibb Akademiyasında dinləyici olur, İmperator İcəsənət Akademiyasında rəssamlıq dərsləri alır, skripka ilə ciddi maraqlanır və heç bir yerdə də formal təhsilini başa vurmur. Sankt-Peterburq Universitetində Sergey Mixayloviçin müəllimlərindən biri məşhur alim Dmitri Mendeleyev (1834-1907) olur və deyilənə görə onun kimya və fotoqrafiya ilə maraqlanmağının səbəbkarı məhz bu müəllimi olub.

Skuritsxali çayının sahilində. Etüd. Orta-Batum. 1912-ci il.
Skuritsxali çayının sahilində. Etüd. Orta-Batum. 1912-ci il. Mənbə: Konqres Kitabxanası.

İmperator Rus Texniki Cəmiyyətinin kimya-texnologiya şöbəsi, sonradan isə fotoqrafiya şöbəsinin üzvü olan Prokudin-Qorski 1897-ci ildən öz fotoqrafiya təcrübələri barədə məruzələr etməyə başlayır. 1901-ci ildə Peterburqda onun “foto-sinkoqrafiya və foto-texnika emalatxanası” açılır. 1902-ci ildə Almaniyaya səyahət edərək, qabaqcıl rəngli fotoqrafiya tədqiqatçılarının, xüsusən Adolf Mitenin (1862-1927) təcrübəsini öyrənir, müasir texniki alətləri mənimsəyir.

İlk rəngli foto-şəkil hələ 1861-ci ildə nümayiş olunmuşdu. İstifadə olunan “rəngayırma” prinsipi fotonun qırmızı, yaşıl və göy filtrlə çəkilməsi, nümayiş etdirilmək üçün isə bu şəkillərin uyğun filtrlərlə üst-üstə proyeksiya olunmasını nəzərdə tutur. Əsas problemlərdən biri rəngləri ən yaxşı şəkildə ötürmək imkanı verən foto-emulsiyaların hazırlanması olur ki, Prokudin-Qorski bu istiqamətdə tədqiqatlara öz töhfəsini verir.

Növbəti illər o, Rusiyada rəngli foto-proyeksiya nümayişləri keçirir, imperiyanın müxtəlif bölgələrinə səyahət edərək foto-çəkilişlər aparır, emalatxanasında rəngli açıqçaların çapını təşkil edir. 1908-ci ildə rus ədəbiyyatının 80 yaşlı canlı klassiki Lev Tolstoyun (1828-1910) rəngli foto-şəklini çəkməklə Prokudin-Qorski daha da məşhurlaşır. O, rəngli foto-proyeksiya nümayişləri üçün yüksək cəmiyyətin toplandığı ziyafətlərə tez-tez dəvətlər alır.

1909-cu ilin mayında İmperator II Nikolay və ailəsi üçün keçirdiyi xüsusi nümayiş tədqiqatçının yaradıcılığına həlledici təkan verir. Rəngli təsvirlərə heyran olmuş imperator Rusiyanın bütün əsas görməli yerlərini təbii rənglərlə sənədləşdirmək üçün Sergey Mixayloviçə lazımi nəqliyat xərcləri və icazələrin verilməsini əmr edir. Bir neçə həftə sonra Prokudin-Qorski artıq ilk ekspedisiyasına yollanır. On il ərzində on min rəngli foto-şəklin çəkilməsi planlaşdırılır. Maliyyə çətinlikləri, dünya müharibəsi və inqilablara baxmayaraq Sergey Mixayloviç müxtəlif əyalətlərə, o cümlədən bir neçə dəfə Türküstan və Qafqaza səyahət edərək qiymətli foto-material toplayır, rəngli kinematoqraf istiqamətində işləyir. 1917-ci ildə Romanovlar sülaləsinin hakimiyyəti devrildi, daha sonra isə Bolşevik inqilabı baş verdi. O vaxta artıq Prokudrin-Qorskinin unikal kolleksiyasında 3500-ə yaxın foto-şəkil var idi.

Prokudin-Qorski ilk fürsətdə sovet Rusiyasından mühacirət edir, 1918-ci ildə Norveçə ezamiyyətə göndərilir və geri qayıtmır. Daha sonra İngiltərə, 1921-ci ildən 1944-cü ilə, həyatının sonuna qədər Fransada yaşayır. Maraqlıdır ki, tədqiqatçı kolleksiyanın bir qismini, yəni 2300 neqativi Fransaya gətirməyə icazə ala bilir. Sovet Rusiyasında qalan 1200-dən çox neqativ və 1000-dən çox rəngli diapozitiv, həmçinin Fransada saxlanan 400-ə yaxın neqativ itirilmiş hesab olunur. ABŞ Konqres Kitabxanası 1948-ci ildə kolleksiyanın əllərində olan hissəsini Prokudin-Qorskinin oğullarından satın alır. Hazırda kitabxanada saxlanan kolleksiya əsasən 1902 foto-şəklin üçlü neqativindən ibarətdir. Bununla yanaşı 14 qeydiyyat foto-albomunda bu şəkillərin kiçik qara-ağ surətləri yapışdırılaraq izahları yazılıb.

Bu dəyərli tarixi foto-sənədlər uzun illər geniş ictimaiyyətə məlum olmayıb. 2000-ci ildə kolleksiya rəqəmli formata salınaraq Konqres Kitabxanasının veb-saytında açıq istifadə üçün təqdim olunub.

İnstaqram Azərbaycan, 1912

Prokudin-Qorski kolleksiyasında Azərbaycana aid onlarla foto var. Onların harada çəkildiyi, nəyi təsvir etdiyini isə “Qafqaz və Qara Dəniz mənzərələri” adlanan qeydiyyat foto-albomunda uyğun qara-ağ “thumbnail” rəsmciklərin altında verilmiş izahedici başlıqlardan öyrənmək olar.

“Qafqaz və Qara Dəniz mənzərələri” albomunun 33-cü səhifəsi. Mənbə: Konqres Kitabxanası.
“Qafqaz və Qara Dəniz mənzərələri” albomunun 33-cü səhifəsi. Mənbə: Konqres Kitabxanası.

Fotoların əksəriyyəti Muğan çölündə, 1912-ci ildə çəkilib və 44-səhifəlik albomun 33-38-ci səhifələrində qeydiyyata düşüb. Bu seriya “Река Араксъ у Саатлы. Мугань”, yəni “Saatlı yaxınlığında Araz çayı. Muğan” şəkli ilə başlayır və əsasən Xarkov quberniyasından köçürülmüş ukraynalı kəndlilərin məskunlaşdığı Nikolayevsk, Qrafovka və Petropavlovsk (1931-ci ildən adı dəyişdirilmiş bugünkü Sabirabad) ətrafında pambıq təsərrüfatlarını təsvir edir. Yeri gəlmişkən, hələ 1899-cu ildə Azərbaycan mətbuatının banisi, görkəmli ziyalı Həsən Bəy Zərdabi (1837-1907) “Kaspi” qəzetindəki məqaləsində bu məntəqələrin adını çəkir.

“Qafqaz və Qara Dəniz mənzərələri” albomunun 38-ci səhifəsi. Mənbə: Konqres Kitabxanası.
“Qafqaz və Qara Dəniz mənzərələri” albomunun 38-ci səhifəsi. Mənbə: Konqres Kitabxanası.

Bu fotoların ancaq bir neçəsində insanlar təsvir olunub. “Персидские татары. Саатлы. Мугань”, yəni “İranlı tatarlar. Saatlı. Muğan” başlıqlı şəkli azərbaycanlıların tarixə məlum ilk rəngli foto-şəkli hesab etmək olar. Bir çoxlarımızın ev albomlarında rəngli fotolar ancaq 1980-ci illərdə peyda olduğu halda, şəkildəki iki kişinin əsrin əvvəlində rəngli foto-şəkli çəkilib. Onlar isə heç də bu tarixi andan məmnun görünmür. Öz rəngli şəkillərini görmək də, yəqin ki, onlara qismət olmayıb. Konqres Kitabxanası bu unikal kolleksiyanı rəqəmli formata keçirib internetdə açıq yerləşdirməsəydi, yəqin bizə də qismət olmazdı.

“İranlı tatarlar. Saatlı. Muğan” fotosunun bərpa olunmuş rəngli təsviri (solda) və üçlü neqativin rəqəmli faylı (sağda). Mənbə: Konqres Kitabxanası.
“İranlı tatarlar. Saatlı. Muğan” fotosunun bərpa olunmuş rəngli təsviri (solda) və üçlü neqativin rəqəmli faylı (sağda, yuxarıdan-aşağıya mavi, yaşıl və qırmızı filtr üçün təsvirlər). Mənbə: Konqres Kitabxanası.
Bu şəkli mən hələ 2010-cu ildə Amerikada olarkən kitabxananın saytındakı Prokudin-Gorski kolleksiyasında axtarış edəndə görmüşdüm, amma o vaxt deyəsən “Azərbaycan” sözü ilə axtarış verərkən sadəcə bir neçə şəkil çıxırdı. Konqres Kitabxanası 2001-ci ildə “The Empire That Was Russia”, yəni “Rusiya olmuş imperiya” adlı sərgi üçün fotoqraf Valter Frankhauserə (Walter Frankhauser) 122 təsvirin bərpasını sifariş edir. Qorunub saxlanmış üçlü neqativlərin 2000-ci ildə yüksək ayırdetmə dəqiqliyi ilə skan olunmuş rəqəmli faylları əsasında rəngli təsvirlərin bərpa olunması heç də trivial məsələ deyil.

Vaxtilə hər fotonun ayrı-ayrı rənglər üçün üç şəkli çəkilib. Çəkilişlər arasında keçən vaxt ərzində neqativin sürüşməsindən başqa fotosu çəkilən obyektlər də hərəkət edib. Şüşə neqativ lövhənlərinin müxtəlif fiziki defektləri də restavrasiyanı çətinləşdirib. Prokudin-Qorski çay sahilində təsvir olunmuş yuxarıdakı foto da Fankhausenin restavrasiya etdiyi şəkillərdəndir. Azərbaycanda çəkilmiş şəkillərdən yalnız biri – “Muğan. Mühacirin ailəsi. Qrafovka qəsəbəsi” adlı foto sərgi üçün restavrasiya olunub.

Daha sonra, 2004-cü ildə Konqres Kitabxanası bütün rəngli fotoların avtomatlaşdırılmış bərpa-rekonstruksiyası üçün Blez Aquera-i-Arkas (Blaise Agüera y Arcas) ilə müqavilə bağlayır. Yeri gəmişkən, kompüter qrafikası sahəsində məşhur mütəxəssis olan Blez 2013-cü ildə yeddi il “Microsoft”da aparıcı rollarda işlədikdən sonra “Google” şirkətinə keçməklə gündəmə gəlmişdi. Onun sözlərinə görə foto-şəkillərin bərpası üçün hazırlanan proqram təminatında üç neqativin “sərt uyğunlaşdırma” üsulu ilə yanaşı neqativlərin müxtəlif hissələrini müxtəlif cür deformasiya edən və daha yaxşı nəticə verən “əyilmə sahəsi üzrə uyğunlaşdırma” üsulu istifadə olunub.

Qəribədir ki, Konqres Kitabxanasının onlayn bazasında saxlanan bərpa olunmuş “İranlı tatarlar” foto-şəklində neqativlər yaxşı uyğunlaşdırılmadığından rənglərin sürüşməsi açıq-aşlar görünür. Bu, xüsusilə də sağdakı personajda özünü daha aşkar biruzə verir. Hərçənd ki, parlaq gün işığında çəkildiyindən, bu çəkilişlərin ekspozisiya vaxtı və beləliklə də üç şəkil arasında fərqlər az olmalıdır, həmçinin neqativlərdə ciddi defektlər görünmür.

Tənbəllik etməyib üçlü neqativ faylını “Photoshop” proqramında açdım və uyğun hissələrini kəsərək yeni bir faylda qırmızı, yaşıl və göy rəng kanalına köçürdüm. Sadəcə köçürmə çevirməsi ilə, yəni yuxarı-aşağı və ya sağa-sola sürüşdürməklə təsvirləri üst-üstə gətirərək uyğunlaşdırdım. Göründüyünə görə, ideal nəticə almaq üçün həm də cüzi fırlatma çevirməsi etmək lazımdır. Lakin alınmış şəkil belə də qənaətbəxş görünürdü. İşi sona çatdırmaq istəyənlər faylı buradan yükləyə bilər. Yekunda bir qədər qırmızı və yaşıl kanaldakı təsviri tündləşdirdim, nəticə aşağıdadır.

Bərpa olunmuş “İranlı tatarlar” foto-şəklinin fraqmenti. Solda: Konqres Kitabxanasının versiyası. Ortada: mənim versiyam. Sağda: V.Ratnikov tərəfindən restavrasiya olunmuş versiya.
Bərpa olunmuş “İranlı tatarlar” foto-şəklinin fraqmenti. Solda: Konqres Kitabxanasının versiyası. Ortada: mənim versiyam. Sağda: V.Ratnikov tərəfindən restavrasiya olunmuş versiya.

Daha sonra öyrəndim ki, Prokudin-Qorski irsini tədqiq edən bir neçə müxtəlif layihə çərçivəsində foto-şəkillər bərpa olunaraq internetdə yerləşdirilib. Amma bundan əvvəl Konqres Kitabxanasının kataloqunda balaca bir qeyri-dəqiqliyi aradan qaldırası oldum.

Tədqiqatçı A.Yusubov

Konqres Kitabxanasının onlayn kataloqunda şəkillərin başlıqları qeydiyyat albomlarında uyğun qara-ağ rəsmciklərin altındakı yazılardan götürülüb. Böyük ehtimalla bu albomlar çəkilişlərdən xeyli sonra Prokudin-Qorski və onun köməkçiləri tərəfindən hazırlanıb, çünki, bəzən albomdakı başlıqlar şəklə uyğun gəlmir və ya xronoloji ardıcıllıq açıq-aşkar pozulur.

“Qafqaz və Qara Dəniz mənzərələri” albomunun 32-ci səhifəsində yanlış başlıqlı fotonun ağ-qara rəsmi (solda) və köhnə on min manatlıq əskinas üzərində Şirvanşahlar Sarayı kompleksinin təsviri (sağda). Mənbə: Konqres Kitabxanası və BanknoteIndex.com.
“Qafqaz və Qara Dəniz mənzərələri” albomunun 32-ci səhifəsində yanlış başlıqlı fotonun ağ-qara rəsmi (solda) və xalq arasında “şirvan” kimi tanınan köhnə on min manatlıq əskinas üzərində Şirvanşahlar Sarayı kompleksinin təsviri (sağda). Mənbə: Konqres KitabxanasıBanknoteIndex.com.

Yəqin hər azərbaycanlı təsdiq edər ki, yuxarıdakı şəkildə Şirvanşahlar Sarayındakı məscid təsvir olunub, lakin qeydiyyat albomunda bu şəkil Tiflis fotoları arasında yerləşdirilib, başlığı isə səhvən “Мечеть въ Азiатской части Тифлиса”, yəni “Tiflisin asiya hissəsində məscid” kimi qeyd olunub. Onlayn kataloqda isə başlıq düzəldilib və qeydlərdə “Corrected title information provided by Dmitry Vorona, 2013”, yəni “Düzəldilmiş başlıq barədə məlumat Dmitri Vorona tərəfindən verilib, 2013” yazılıb.

Təəssüf ki, bu şəklin rəngli neqativləri günümüzə gəlib çıxmayıb, lakin bu onu göstərir ki, Prokudin-Qorski Bakıda da çəkiliş aparıb. Qafqaz albomunu onlayn kataloqda vərəqləyərkən 39-cu səhifədə Bakı sakinlərinə yaxşı tanış olan Filarmonniya binasının fotosunu gördüm. Məlum oldu ki, albomda bu şəklə aid heç bir izah olmasa da onlayn kataloqda bu şəklin başlığı həmin səhifədəki digər fotonun başlığına uyğunlaşdırılaraq “Mechetʹ v Vladikavkazi︠e︡ (Mosque in Vladikavkaz)”, yəni “Vladiqafqazda məscid” kimi qeyd edilib.

Filarmoniya binasının fotosunun bərpa olunmuş rəngli təsviri (solda) və üçlü neqativin rəqəmli faylı (sağda). Mənbə: Konqres Kitabxanası.
Filarmoniya binasının fotosunun bərpa olunmuş rəngli təsviri (solda) və üçlü neqativin rəqəmli faylı (sağda). Mənbə: Konqres Kitabxanası.
Həmən kitabxananın saytında kataloqdakı yanlışlıqlar barədə məlumat vermək üçün onlayn forma vasitəsilə 25 mart 2015 tarixli növbəti ismarışı göndərdim:

There is no original title for the photo in Prokudin-Gorskii’s album, but the title was wrongly assigned apparently because of proximity to another photo of the Mosque in Vladikavkaz.

This is in fact totally different building in a different city – Baku. Look at the rare aerial photo of 1918 Baku. The Summer Centre for Public Gatherings at the bottom right corner, opened in 1912 as a club for wealthy Baku elite, was architecturally inspired by l’Opéra de Monte-Carlo, and now houses the Azerbaijan State Philharmonic Hall named after Muslum Magomayev (1885-1937) – famous Azerbaijani and Soviet composer and conductor (see here). See here the modern look of the building.

Bu fotonun Prokudin-Qorskinin albomunda öz başlığı yoxdur, lakin göründüyünə görə digər Vladiqafqazda məscid fotoşəklinə yaxın olmağı səbəbindən səhv bir başlıq verilmişdir.

Əslində bu, başqa bir şəhərdə – Bakıda, tamamilə başqa bir binadır. 1918-ci il Bakısının nadir aero-foto-şəklinə baxın. 1912-ci ildə varlı Bakı elitasının klubu kimi açılmış aşağı sağ küncdə görünən İctimai Toplantılar üçün Yay Mərkəzi memarlıq baxımından la Opera de Monte-Karlodan ilham almışdır, indi isə orada məşhur azərbaycan sovet bəstəkarı və dirijoru Müslüm Maqomayevin (1885-1937) adını daşıyan Azərbaycan Dövlət Filarmoniyası yerləşir (burada baxın). Binanın müasir görünüşünü burada görə bilrəsininz.

Bir gün sonra isə Konqres Kitabxanasından belə bir cavab e-məktubu aldım:

Dear Araz Yusubov: Thank you for your email about the caption for the image by Prokudin-Gorskii (item LC-P87-7277). You are correct that there is no title for the image in the album (LOT 10336) and that the title in the catalog record appears to be have assigned because it was close to the image of the mosque. The mosque is clearly not the same building as depicted in LC-P87-7277.

The building shown in LC-P87-7277 does look like the former Summer Centre for Public Gatherings in Baku, Azerbiajan which is shown in the aerial photo which you sent us. I have updated our database to incorporate your new information. The change should be in the online catalog within a few weeks.

Thank you very much for helping us correct and improve the information for this image in our catalog.

Best wishes,

Arden Alexander
Cataloger
Prints and Photographs Division Library of Congress

Hörmətli Araz Yusubov: Prokudin-Qorskinin bu şəkli (nüsxə LC-P87-7277) üçün başlıq barədə e-məktubunuza görə sağ olun. Haqlısınız ki, albmdakı (LOT 10336) şəklin başlığı yoxdur və kataloqdakı yazı məscid şəklinə yaxın olduğuna görə mənimsədilib. Bu məscid açıq-aydın LC-P87-7277 nömrəli şəklində təsvir olunan bina deyil.

LC-P87-7277 nömrəli nüsxədə göstərilən bina bizə göndərdiyiniz aero-foto-şəkildə göstərilən Bakı, Azərbaycandakı keçmiş İctimai Toplantılar üçün Yay Mərkəzinə oxşayır. Sizin yeni məlumatlarınızı daxil etmək üçün verilənlər bazamızı yenilədim. Dəyişiklik bir neçə həftə içində onlayn kadaloqda olmalıdır.

Kataloqumuzdakı bu şəkil üçün məlumatı düzəldərək təkmilləşdirməkdə bizə kömək etdiyinizə görə çox sağ olun.

Ən xoş arzularla,

Arden Aleksander
Kataloqçu
Nəşrlər və Foto-şəkillər Şöbəsi Konqres Kitabxanası

Beləliklə, indi Konqres Kitabxanasının kataloqunda bu fotonun başlığı “The Summer Centre for Public Gatherings, Baku, Azerbaijan”, yəni “İctimai Toplantılar üçün Yay Mərkəzi, Bakı, Azərbaycan” kimi göstərilir. Qeydlər hissəsində isə kiçik əlavə edilib: “Title devised by Library staff. (Source: researcher A. Yusubov, 2015)”, yəni “Başlıq Kitabxana işçiləri tərəfindən qoyulub (Mənbə: tədqiqatçı A. Yusubov, 2015)”.

Digər maraqlı keçidlər

“Цвет нации” (“Millətin rəngkarı”) Leonid Parfyonovun 2014-cü ildə çəkdiyi, Prokudin-Qorskinin 150-illiyinə həsr olunmuş sənədli filmi (rus dilində) https://www.youtube.com/watch?v=Qx0TbbRC5RE

“S.M.Prokudin-Qorski irsi” beynəlxalq elmi-tədqiqat layihəsinin saytında bərpa olunmuş rəngli-fotoşəkillərin kataloqunda bir çox başlıqlar da dəqiqləşdirilib http://prokudin-gorsky.org/

Belorusiya pravoslav kilsəsi nəşriyyatının “Rusiya İmperiyası rəngli şəkillərdə” layihəsi çərçivəsində bərpa olunmuş rəngli foto-şəkillər http://veinik.by/

Rusiya Elmlər Akademiyasının restavrasiya üçün rəqəmli texnologiylara laboratoriyası və “Restavrator-M” mərkəzinin bərpa etdiyi rəngli foto-şəkillər http://www.prokudin-gorsky.ru/

Advertisements
Azərbaycanca

Olmaz, olmaz, olmaz…

Bir il əvvəl, 2010-cu ilin yayında Bakıya geri qayıdanda Yeni Yasamaldakı yeni evimizə gəldik. Onda başa düşdüm ki, 30 ildir İçəri Şəhər, bulvar, fəvvarələr meydanının əhatəsində yaşayıb, şəhərimizin qonaqlara göstərilən “açıqça” tərəfini görmüşəm.

Qınağəli "Qınıyıram!" deyir.
Qınağəli "Qınıyıram!" deyir.

Yaxın ətrafda istirahət etmək üçün nə bir yaşıllıq, nə bir park, havada ətrafdakı tikintilərin toz-dumanı, gecəni betonvuran maşınların qulaqbatıran taqqıltısını dinləmək, səhər tezdən isə əlacsızlıqdan bir-birini itələyə-itələyə avtobusa doluşub, əzik-üzük olmuş ləyaqətlərinin qalıqlarını dişlərində tuta-tuta, sürücüyə çəmkirərək “mehribanlaşmaq”dan gömgöy olmuş həmvətənlərimlə işə getmək – tamam başqa Bakıdır.  Zibil dolu torbaları günlərlə qapısının ağzına qoyub bütün mərtəbəni “ətirləməyə”, sevimli mahnılarını tükürpədici səslə başqalarına dinlətməyə ehtiyac olmadığını izah etməli olduğun qonşularla bir binada yaşamaq da tamam başqa aləmdir.

Ümumiyyətlə mən bütün mənfiliklərin günahını “xalq”da görənlərlə razılaşmıram, hər şeyin maarifləndirmə ilə düzələ biləcəyinə inanıram. Vaxtilə məktəblərdə Mayakovskinin məşhur şeirindəki kimi “yaxşı nədir, pis nədir” öyrədilərdi, böyüklər də kiçiklərə “ağsaqqallıq” edərdilər. İctimai qınaqla birlikdə vətəndaşları maarifləndirmək üçün müxtəlif təbliğat vasitələri istifadə olunardı. Yəqin məhz indi bu sahədə olan boşluğa görədir ki, Qınağəlinin simasında “Qınıyıram!” şüarı ilə başlamış İctimai Qınaq Hərəkatı qısa bir zamanda milli internet məkanında belə geniş populyarlıq qazanıb.

Uzun sözün qısası, bir maarifləndirici plakat düzəldib, binamızda vurmaq fikri çoxdan ağlıma gəlmişdi. Onu liftimizə vuracaqdım, çünki, liftimizin döşəməsi tum qabığından tutmuş, işlənmiş kontur kartına, tüpürcəkdən tutmuş, xarakterik üfunət verən sarımtıl mayeyə qədər hər  şey görmüşdü. Plakatın konsepsiyası da hazır idi – “Olmaz”: bunu etmək olmaz, onu etmək olmaz, axırda da, üzr istəyirəm, “adam eşşək olmaz”. Bu fikrimi Qınağəlinin dostu İlqar Mirzə ilə də bölüşmüşdüm, Bloqçuların və Yeni Media Mütəxəssislərinin Forumu “Bloqosfer 2011“ə gedəndə isə artıq dizayn hazır idi. Forumda şəklini göstərdiyim bir neçə nəfər arasında Vüqar Səfərov plakatı çox bəyəndi, hətta kampaniya başlamağı, video da hazırlamağı təklif etdi.

"Olmaz" posteri bizim evin liftində. 9 sentyabr 2011 "Olmaz" posteri bizim evin liftində. 9 sentyabr 2011 "Olmaz" posteri bizim evin liftində. 9 sentyabr 2011
"Olmaz" posteri bizim evin liftində. 9 sentyabr 2011

Forumdan qayıtdıqdan sonra bir gecə plakatı printerdə çap edib yapışqan lentlə liftin divarına yapışdırdım. Sonra isə şəklini çəkdim ki, sonrakı günlər qonşuların bu plakatın başına gətirəcəyi “müsibət”ləri qeydə alaraq, burada paylaşım. Adətən, “Bakıeletrikşəbəkə”nin işıq pulu barədə elanlarının başına çoxlu “müsibət”lər gətirilir, bizim plakat isə neçə həftədir ki, göz dəyməsin, sapsağlam divarda durur. Bir neçə nəfər hətta iddia edir ki, indi liftimizi daha əvvəlki kimi zibilləmirlər.

"Olmaz" posteri bir ay sonra. 8 oktyabr 2011"Olmaz" posteri bir ay sonra. 12 oktyabr 2011
"Olmaz" posteri bir ay sonra. 8, 13 oktyabr 2011
Əgər siz də bir neçə qonşunuzun pintiliyindən bezibsinizsə və bu plakatı bəyəndinizsə, onu buradan PDF formatda yükləyib, çap edin. Bilmək olmaz, bir də gördünüz rəhmətlik Məmmədbağır Bağırzadənin “Olmaz, olmaz, olmaz…” mahnısı ilə bir kampaniya da başladı.

P.S. Nəhayət ki, bu gün – 7 oktyabr plakatımızın başına iş gəldi. Qonşulardan kimsə dözməyib plakatın üstünə “Adam … olmaz” rebusunun açmasını yazdı.

P.P.S. Deyəsən gözümüz dəydi. Bir neçə gün sonra – 12 oktyabr plakatımızı cırdılar. Amma göründüyünə görə ya qoparda bilməyiblər, ya da kimsə yenidən yapışdırıb.

Azərbaycanca

Novruzun qayıdışı

Bir il əvvəl Əfqanıstan, Azərbaycan, İran, Qazaxstan, Qırğızstan, Tacikistan, Türkiyə və Türkmənistanın irəli sürdüyü və sonradan Albaniya, Hindistan və Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın qoşulduğu bir qətnamə ilə Birləşmiş Millətlər Təşkilatı 21 martı Beynəlxalq Novruz Günü elan etdi. Qədim fars dilində “yeni işıq” demək olan Novruz gecə-gündüzün bərabərliyi günündə qeyd edilən bahar və oyanış bayramıdır ki, əsasən Balkan, Qara dəniz hövzəsi, Qafqaz, Orta Asiya və Yaxın Şərqdə yaşayan 300 milyondan çox insanı əhatə edir.

Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən əldə edəndən bəri Novruz burada rəsmi bayram kimi dövlət səviyyəsində qeyd olunur. Lakin uzun müddət sovet hakimiyyəti dövründə onu açıq bayram etmək qadağan olunmuşdu, buna görə də hər il insanlar onu ancaq öz ailələrində qeyd edərdilər… bircə istisna ilə.

“Sovet Azərbaycanı” kino-jurnalının növbəti nadir videosu 1967-ci ildə rəsmi Novruz şənliklərini göstərir. Mən bu barədə 1980-ci illər məktəbdə, iyirmi il əvvəl rəsmən çap olunmuş Novruz açıqcalarını sinifdə bizə qiymətsiz müqəddəs əmanətlər kimi göstərən rəsm müəlliməmizdən eşitmişəm.

Rəsmi şənliklərin təşəbbüskarı o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə Katibi (üç ən yüksək rütbəli kommunist rəhbərindən biri), ixtisasca filoloq olan yazıçı, şair və dramaturq Dr. Şıxəli Qurbanov idi. Yerli partiya rəhbərliyi ona artıq bu təşəbbüsün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq etmişdi və Moskvaya onu ifşa edən məktublar göndərilirdi. İzahat vermək üçün Qurbanov mərkəzə çağırıldı, lakin onları inandıra bildi ki, Novruz opponentlərinin iddia etdiyi kimi dini bayram deyil.

Bir çoxları deyir ki, uğurlu bayram şənliklərindən sonra Şıxəli Qurbanovun 1967-ci ilin iyununda Mərkəzi Komitənin plenumunda növbəti Birinci Katib təyin olunacağı şübhə doğurmurdu, lakin mayın 24-ü o, diş müayinəsi kürsüsündə vəfat etdi. Ona öldürücü iynəni vurmuş həkim pəncərədən qaçdı və heç vaxt tapılmadı. Qurbanovun ailəsi sonradan iddi etdi ki, bu ona olunan artıq dördüncü sui-qəsd idi. Bir çoxları Qurbanovu şəxsi şücaəti ilə Novruzu geri qaytarmış bir şəxs kimi yada salır.

Qurbanovun bu təşəbbüsü sayəsində daha sonra “Dəli Kür” (1969) və Yeddi oğul istərəm (1970) kimi sevilən Azərbaycan filmlərinə KosaKeçəlin iştirakı ilə xalq teatrı, yumurta döyüşdürmə, tonqal üzərindən atılma və digər Novruz səhnələri daxil edilmişdir, lakin bu bayram rəsmi olaraq bir də 22 il sonra, 1989-cu ildə kütləvi qeyd olundu.