Santyaqo de Baku

Az qala yarım il idi ki, bu yazını yazmağı düşünürdüm, amma təmbəl bir yazıçı olmaqla bərabər həm də Birləşmiş Ştatlarda bir il yaşadıqdan sonra doğma şəhərim Bakıya qayıtmağımızla bağlı başım çox qarışıq idi. Santyaqo de ÇiliBakını bir-birindən 14 769 kilometrlik çöl, dağ və səhralar, göl, çay, dənizlər və Atlantik okeanının ucsuz-bucaqsız suları, müxtəlif ölkə və mədəniyyətlər ayırır. Lakin bu yazının başlığı ona işarə edir ki, bu uzaq paytaxt şəhərləri birləşdirən təsəvvür edəcəyimizdən də çox ortaq məfhumlar mövcuddur. Məni yazmağa həvəsləndirən insanlara, xüsusən də atama və həmişə məni “çox, xeyli daha çox yazmağa” ruhlandıran Macarıstanlı dostuma təşəkkür etmək istərdim.

Ağ qafqazlı

Bir il əvvəl, 2009-cu ilin noyabrında Birləşmiş Ştatlarda ikən Mərilənd ştatı Avtomobil İdarəsinə ştatın şəxsiyyət vəsiqəsini almaq üçün müraciət etmişdim. Foto-şəklimi çəkdikdən sonra kompyüterində şəxsi dosyemi dolduran idarə məmuru – lütfkar qara xanım – “irq” qrafasına çatanda tezcə ucadan “ispandilli/latino” deyə təxmin etdi. Etiraz edərək “ağ/qafqazlı” olmağımı iddia etdikdən sonra onun şübhəli “əminsiniz ki, ispandilli deyil?” sualını eşidib, həqiqətən də qafqazlı irqinə adını vermiş Qafqaz regionunda yerləşən bir ölkədən gəldiyimi izah etməli oldum. Əslində, alman antropoloqu İohann Fridrix Blumenbax (1752-1840) 1795-ci ildə çap olunmuş məşhur “De Generis Humani Varietate Nativa” (“Bəşəriyyətin təbii növləri barəsində”) kitabının 303-cü səhifəsində qafqazlı irqi anlayışının adını “həm ətraf əraziləri, xüsusən də cənub yamacı ən gözəl insan irqini, yəni gürcü irqini yetişdirdiyinə, həm də bəşəriyyətin avtoxtonlarını (doğulduğu yeri) hara isə bağlamalı olsaq, bütün fizioloji xüsusiyyətlərin ən böyük ehtimalla bu regionu seçmək lazım olduğunu göstərdiyinə görə Qafqaz dağlarından” götürüb.

The title-page of the On the Natural Varieties of Mankind by Blumenbach The page 303 of the On the Natural Varieties of Mankind by Blumenbach 

Blumenbaxın 1795-ci ildə nəşr olunmuş “Bəşəriyyətin təbii növləri barəsində” kitabının
titul vərəqi və 303-cü səhifəsi. Mənbə: archive.org

Şəxsən mən bu rəsmi terminologiyanı kifayət qədər dolaşıq hesab edirəm, üstəlik qafqazlıların bir çoxu stereoptipik avropalıya oxşamır. Birləşmiş Ştatlarda qaldığımız müddət ərzində dəfələrlə ispandilli amerikanlar bizim də latino olduğumuzu düşünərək mənə və həyat yoldaşıma yaxınlaşıb bizimlə ispanca danışıblar. Çilili kino-rejissor Sebastyan Alarkonun (1949) sürgündə ikən vətənindən bəhs edən filmlərini çəkmək üçün Bakını seçməyinin səbəblərindən biri yəqin elə bu olmuşdur.

Santyaqo de Baku

Sebastyan Alarkon Çili Universitetindəki kino məktəbinə 1968-ci ildə, 19 yaşı olarkən daxil olmuşdur. 1970-ci ildə o, təhsilini davam etdirmək üçün dövlət təqaüdü ilə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna göndərilir. Alarkon orada təhsil aldığı zaman, 1973-cü ildə General Avqusto Pinoçetin (1915-2006) başçılıq etdiyi mənfur hərbi xunta Çilinin demokratik yolla seçilmiş prezidenti Salvador Alyendeni (1908-1973) devirdi və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəklədiyi bir çevrilişlə onun sosialist “Unidad Popular” (Xalq Birliyi) hökumətini buraxdı. Tarixin istehzası ilə 11 sentyabrda baş vermiş bu çevrilişdən sonra Çilidə qurulmuş diktatura 1990-cı ilə qədər davam etdi. Hər cür siyasi fikir ayrılığının sistematik sıxışdırılması ilə müşayiət olunan bu dövrdən on minlərlə həbs olunmuş və işgəncələrə məruz qalmış, həmçinin yüzlərlə öldürülmüş və “itkin düşmüş” insanın xatirəsi qaldı.

Bir çox Çili gəncləri kimi sosialist “Unidad Popular”dan ilham alan Sebastyan Alarkon vətəninə qayıda bilmirdi, lakin onun yaradıcı həyatı, demək olar ki, tamamilə Çilidəki o faciəli hadisələrin əsirinə çevrilmişdir. Onun ilk bədii filmi – şübhəli şəxs kimi həbs olunaraq yalançı ittihamla üz-üzə qalmış memar Manuelin hekayəsindən, onun keçdiyi təhqir, hədə və işgəcə dəhşətlərindən bəhs edən “Çili üzərində gecə” (“Ночь над Чили”) mən anadan olduğum 1977-ci ildə, 10-cu Beynəlxalq Moskva Film Festivalında ən yaxşı rejissor debütünə görə xüsusi mükafata layiq görüldü.

Night over Chile (1977) movie poster.

“Çili üzrəində gecə” (1977) filminin afişası.

İstənilən Bakı sakini hətta indinin özündə “cəsarətli Çili xalqına həsr olunmuş”, publisistik-sənədli janrda çəkilmiş bu filmin ilk kadrlarından görünən doğma küçələri asanlıqla tanıya bilər. Həm də doğma simaları: tamaşaçımıza Səhər (1960), Bizim küçə (1961) və Cansıxıcı əhvalat (1988) kimi azərbaycan sovet filmlərindən tanış olan Gürcüstanın xalq artisti Qiuli Çoxonelidze (1928-2008) fəhlələrin lideri rolunu oyanyır, hazırda Gürcüstan Kino Aktyorları Gildiyasının prezidenti olan Baadur Tsuladze (1935) ailəcanlı sadə bir kişi obrazını canlandırır. Sadəlövh qoca Çili kəndlisini isə uzun zaman azərbaycan kino və teatrındakı yaradıcılığı ilə yanaşı 1980-90-cı illər bütün uşaqların populyar axşam televiziya verilişlərindən Savalan Baba kimi tanıdığı Sadıq Hüseynov (1924-2003) oynayıb. Yeri gəlmişkən, sən demə, məşhur rus fotoqrafı Georgi Pinxasov (1952) da çəkiliş heyətinin bir üzvü kimi 1976-cı ildə Bakıda imiş.

Bir neçə ay əvvəl 1980-ci illər Bakıda, təhsil aldığım məktəbdə çəkilmiş başqa bir film yadıma düşməsəydi, Alarkon“Çili üzərində gecə” barədə bütün bunları heç vaxt öyrənməzdim. O zaman deyirdilər ki, filmdə məktəbimizi bir hərbi qarnizon kimi çəkirlər, hansısa generalın məktəbin həyətində qoyduqları papye-maşe heykəlini və filmin adını xatırladım – “Yaquar”.

Santa Nina de Baku

Parad meydanına oxşayan geniş daxili həyəti, birinci mərtəbədə barmaqlıqlı pəncərələri və qara metal tüstü borulu qazanxanası olan məktəbimiz bir qarnizon üçün yaxşı model olardı. Bu tarixi binada əslində iki məktəb yerləşirdi: 134 nömrəli rus məktəbi binanın şimal qanadını, həyatı Stalin repressiyaları zamanı Sibir düşərgələrində puç olmuş məşhur azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin (1882-1941) adını danşıyan 132 nömrəli azərbaycan məktəbi binanın qalan hissəsini tuturdu.

Panorama photos of Icheri Sheher Subway Station on 360cities.net

“360cities.net”də “İçəri Şəhər” metro stansiyasının panorama foto-şəkiləri

Hamımız bilirdik ki, məktəbimiz sovet dövründən əvvəl qızlar üçün gimnaziya olub və uzun müddət düşünürdüm ki, bu, Opera-Balet Teatrının tikintisi, Şollar su kəmərinin çəkilməsi və Bakını inkişaf etdirən digər bir çox fəaliyyətləri maliyyələşdirdiyinə görə xatirələrdə yaşayan məşhur azərbaycan neft-sənaye maqnatı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin (1823-1924) davamlı səyləri nəticəsində tikilmiş müsəlman qızları üçün ilk dünyəvi məktəbdir. Lakin əslində azərbaycanlı qızlar üçün 1901-ci ildə açılmış ilk məktəb o vaxtlar Nikolayevskaya (rusca Nikolayın), günümüzdə isə İstiqlaliyyət adlanan Kommunist küçəsi boyu daha aşağıda, hazırda Elmlər Akademiyasının Əlyazmalar İnsitutu yerləşən başqa bir binada imiş.

The first secular school for Muslim girls. Baku, 1911 

1911-ci ildə çəkilmiş bu foto-şəkildəki lövhədə “Первая женская татарская школа”, yəni rusca “Birinci tatar qızlar məktəbi” yazılıb. Bugünkü azərbaycanlıları Rusiya İmperiyasında rəsmən müsəlman, iranlı və ya türk kimi terminlərlə yanaşı tatar adlandırırdılar.

Bakının mərkəzi hissəsinin Bakı Hərbi-Dəniz Aviasiyası Zabitləri Məktəbində o zamanlar təlimçi kimi xidmət edən məşhur rus hərbi-dəniz təyyarələri konstruktoru Viktor Lvoviç-Lüdviqoviç Korvin-Kerber (1894-1970) tərəfindən 1918-ci ildə havadan çəkilmiş bu nadir foto-şəklində hər iki bina yaxşı görünür.

Aerial photo of central Baku by Victor Korvin-Kerber. 1918


Foto-şəkilin sağ tərəfindəki qədim qala divarları ilə əhatə olunmuş kiçik binalar qrupu köhnə İçəri Şəhərdir. 1912-ci ildə varlı Bakı elitasının klubu kimi açılmış aşağı sağ küncdə görünən İctimai Toplantılar üçün Yay Mərkəzi memarlıq baxımından la Opera de Monte-Karlodan ilham almışdır, indi isə orada məşhur azərbaycan sovet bəstəkarı və dirijoru Müslüm Maqomayevin (1885-1937) adını daşıyan Azərbaycan Dövlət Filarmoniyası yerləşir.

Aerial photo of central Baku taken from Google Map

Beləliklə, məktəbimizdə yerləşən qızlar üçün gimnaziya əslində Rusiyanın Qafqaz canişini Knyaz Mixail Semyonoviç Vorontsovun (1782-1856) həyat yoldaşı, dahi Aleksandr Sergeyeviç Puşkinin (1799-1837) öz şeirlərində vəsf etdiyi Yelizaveta Ksavyerevna Branitska-Vorontsova (1792-1880) tərəfindən Tiflisdə (Tbilisi, Gürcüstan) təsis edilmiş Havarilərlə bərabər tutulan, xristianlığı Gürcüstana gətirmiş Müqəddəs Ninanın Şərəfinə Qadın Xeyriyyə Cəmiyyətinin Bakı şöbəsi vasitəsi ilə maliyyələşdirilən Bakı Müqəddəs Nina Qızlar Müəssisəsi imiş. Bakı şöbəsi 1861-ci ildə, Şamaxı Quberniyasının inzibati mərkəzi cəmiyyətin 1848-ci ildən bəri fəaliyyət göstərdiyi Şamaxı şəhərindən 1859-cu ilin dağıdıcı zəlzələsindən sonra Bakıya köçürülməsinin ardınca açılmışdır.

 

Old photo of central Baku, 1905 Old postcard with photo of central Baku, 1914
Old photo of Saint Nina Girls' School, 1905
Old photo of central Baku, 1905

Maraqlı təsadüf odur ki, məktəbin binası ilk əvvəl hərbi səhra hospitalı olub və qızlar müəssisəsinə ancaq 1888-ci ildə, hospital Bakının Bayıl qəsəbəsindəki yeni binaya köçərkən verilib. Daha sonra, 1895-ci ildə müəssisəyə gimnaziya statusu verildi və o, 1920-ci ildə qısa ömürlü Azərbaycan Demokratik Respublikasının rus bolşevik işğalına qədər hələ neçə il fəaliyyət göstərdi. Bütün bu illər boyu Müqəddəs Nina xristian qızlar məktəbi Bakı sakinlərinin, o cümlədən bir çox azərbaycanlıların alicənab ianələri sayəsində işini davam etdirdi, onun tələbələri arasında müsəlman qızları da var idi. Bakı və Şirvanşahlar dövlətinin tarixini tədqiq edən məşhur alim, Stalin repressiyaları zamanı ailəsi təqib olunmuş və atası güllələnmiş Dr. Sara Aşurbəyli (1906-2001) də bu məktəbdə oxumuşdur.

Certificate of successful completion of the junior preparatory course, given to Sara Ashurbeyli in 1913 Sara Ashurbeyli during her studentship at Azerbaijan State University, end of the 1920s 

Solda: Bakı Müqəddəs Nina qızlar müəssisəsində kiçik hazılıq kursunu uğurla başa vurması barədə Sara Aşurbəyliyə 1913-cü ildə verilmiş şəhadətnamə. Sağda: Sara Aşurbəyli Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakütəsində tələbəlik illəri zamanı, 1920-ci illərin sonu.

Yeri gəlmişkən, Müqəddəs Nina Məktəbi çox sevilən “Əli və Nino” romanındakı qadın qəhrəmanın təhsil aldığı xəyali Qızlar üçün Bakı Müqəddəs Krlaiça Tamara Liseyinin prototipi olmuşdur. İlk dəfə 1937-ci ildə, Vyanada nəşr olunmuş və müəllifliyi hələ də mübahisələrə səbəb olan bu məşhur əsər 20-ci əsrin əvvəlləri, təlatümlü bir vaxtda iki gənc Bakı sakini – müsəlman azərbaycanlı oğlan və xristian gürcü qızın ehtiraslı məhəbbət hekayəsini nəql edir. Romanın faciəli sonluğu bir çoxlarının taleyi ilə səsləşir – Əli işğalçı bolşevik ordusuna qarşı Gəncə şəhərini müdafiə edərkən öldürülür, Nino isə uşağı ilə birlikdə Gürcüstana qaçır.

Yaquar Bakıda

Jaguar (1986) movie poster.

“Yaquar” (1986) filminin afişası.

“Çili üzərində gecə”nin uğurundan on il sonra Sebastyan Alarkon azad və dönməz xarakterinə görə Yaquar ləqəbi almış, son nəticədə xidmətində dürmağa öyrədildiyi rejimə qarşı çıxmış gənc hərbi məktəb kursantının hekayəsindən bəhs edən başqa bir filmi çəkmək üçün Bakıya qayıtdı. 1986-cı ildə ekranlara çıxmış bu film mən bu yazını yazmağı düşünərkən, oktyabrda 2010-cu ilin Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülmüş Mario Varqas Lyosanın (1936) 1963-cü ildə nəşr olunmuş “La ciudad y los perros” (“Şəhər və itlər”) romanı əsasında çəkilmişdir. Varqas Lyosanın nəşr edilmiş ilk romanı olan bu əsər müəllifin Limadakı Leonsio Prado Hərbi Akademiyasında şəxsi təcrübəsi üzərində qurulmuşdur, lakin Alarkon hadisələri Çiliyə köçürərək süjetə ustalıqla siyası bir çalar qatmışdır.

Filmdən fraqmentləri axtararkən ilk əvvəl “Yaquar”dan götürülmüş video-kadrları Pinoçet rejiminə qarşı Çili müqavmət hərəkatının simvoluna çevrilmiş “El pueblo unido jamás será vencido” mahnısı ilə birləşdirən qısa bir klip tapdım. Bu mahnı 1973-cü ildə Serxio Orteqa (1938-2003) və populyar xalq musiqisi qrupu “Kilapayun” (“Quilapayún) tərəfindən “Unidad Popular”ın himni kimi yazılmışdır.

El pueblo unido, jamás será vencido,
El pueblo unido jamás será vencido… 

De pie, cantar que vamos a triunfar.
Avanzan ya banderas de unidad.
Y tú vendrás marchando junto a mí
y así verás tu canto y tu bandera florecer,
la luz de un rojo amanecer
anuncia ya la vida que vendrá.

De pie, luchar el pueblo va a triunfar.
Será major la vida que vendrá
a conquistar nuestra felicidad
y en un clamor
mil voces de combate se alzarán
dirán canción de libertad
con decision la patria vencerá.

Y ahora el pueblo que se alza en la lucha
con voz de gigante gritando: ¡adelante!

El pueblo unido, jamás será vencido,
El pueblo unido jamás será vencido…

La patria está forjando la unidad
de norte a sur se movilizará
desde el salar ardiente y mineral
al bosque austral
unidos en la lucha y el trabajo
irán, la patria cubrirán,
su paso ya anuncia el porvenir.

De pie, cantar el pueblo va a triunfar
millones ya, imponen la verdad,
de acero son ardiente batallón
sus manos van llevando la justicia y la razón
mujer, con fuego y con valor
ya estás aquí junto al trabajador.

Birlikdə xalq heç vaxt, heç zaman məğlub olmaz,
Birlikdə xalq heç vaxt, heç zaman məğlub olmaz.

Qalx və oxu, qalib gələcəyik.
İrəlləyir birlik bayraqları.
Gəl, mənimlə addımla bu marşda,
Mahnın və bayrağının baharını görərik.
Qızıl sübhün şəfəqləri
yeni gələn həyat müjdəsidir.

Qalx və döyüş, xalq qalib gələcək.
Daha gözəl həyat qabaqdadır.
Gəl, qazanaq səadətimizi.
Bir nərədə
min mübariz səda yüksələrək,
söylər azadlıq nəğməsi.
qəti ol, qalib vətən olacaq.

Bax, indi xalq qalxaraq mübarizə əzmiylə
Nəhənglərin səsiylə qışqırır: İrəliyə!

Birlikdə xalq heç vaxt, heç zaman məğlub olmaz,
Birlikdə xalq heç vaxt, heç zaman məğlub olmaz.

Vətən inşa edir birliyini,
Səfərbərdir şimaldan cənuba.
Qurumuş duz karxanalarından
cənub meşəsinə.
Birgə savaş və əməkdə
gedir, bürüyür vətəni,
addımları gələcəkdən müjdə.

Qalx və döyüş, xalq qalib gələcək.
Həqiqəti anlayır milyonlar.
Alov saçan polad batalyonlar,
əllərində hüquq və ədalət gətirirlər.
ey odlu və cəsur qadın,
Zəhmətkeşlərlə sən birlikdəsən.

Maraqlı bir fakt odur ki, İranda şah rejiminə qarşı 1979-ci ilin İslam inqilabı zamanı solçu qruplar eyni mahnını, sözlərini fars dilində “Bər pâ xiz, əz câ kən, bənâye kâx-e doşman” (بر پا خیز، از جا کن، بنای کاخ دشمن – Ayağa qalx, düşmən sarayının bünövrəsini yerlə yeksan et) kimi söyləyərək oxuyurmuş.

Bu mahnı “Yaquar”da səslənməsə də “Çili üzərində gecə” filmində Alarkon keçmiş “Kilapayun” üzvlərindən biri Patrisio Kastilyonun (1946) bəstələyərək milli alətlərdə ifa etdiyi, ürəkləri titrədən musiqisindən istifadə etmişdir. Onlar hələ 1970-ci ildə qrupun Sovet İttifaqına turu zamanı tanış olub dostlaşmışdılar. “Yaquar”da isə filmin musiqisindəki qitara partiyasını Alarkon özü ifa etmişdir.

Filmin başlanğıcında göstərilən yeri 132 nömrəli məktəbin istənilən məzunu tanıyar. Bu, vaxtilə dərs otaqlarına girməzdən əvvəl şagirdlər sinif-sinif düzüldüyü məktəb həyətinin bizə aid cənub-şərq hissəsidir.

Baku public school No.132 courtyard, 1984.

Bu foto 1984-cü ildə, sinfimiz 2в bəzən Şərqin Lenini adlandırılan məşhur Azərbaycan ziyalısı və siyasətçisi Nəriman Nərimanovun (1870-1925) yaxınlıqda yerləşən ev-muzeyinə OktyabryatBalaca Oktyabrçılar təşkilatına qəbul mərasiminə getməzdən əvvəl məktəbimizin həyətində, cənub divarının qarşısında çəkilib. Bolşevik işğalından sonra elan olunmuş Azərbaycan Sovet Sosialist Respublikası hökumətinin rəhbərliyinə dəvət olunmuş Nərimanov sonralar Sovet İttifaqının Moskvadakı mərkəzi hökumətində işləmiş və şübhəli şəraitdə ölmüşdür. Rəngli foto o vaxtlar çox yayılmamışdı və fotoqrafları xüsusi hadisələr münasibəti ilə çağırırdılar. Arxamızda duran sağdan ikinci xanım ilk ibtidai sinif müəllimimiz və sinif rəhəbrimiz Rəhimə Məmmadovadır.

Baku public school No.132 courtyard, 1986

Burada isə sinfimiz 1986-cı ildə yenə Rəhimə müəllimə ilə birlikdədir. Bu foto böyük ehtimalla yeni dərs ilinin birinci günü çəkilib. Hamı gül gətirib və biz qırmızı pioner qalstuku bağlamışıq. Arxamızdakı divar yəqin məktəb həyətinin şərq divarıdır.

Baku public school No.132 courtyard, 1986

Bizim məktəb həyətinin cənub-şərq küncü 1986-cı ildə, qardaşımgilin sinfində bədən tərbiyəsi dərsi zamanı çəkilmiş bu foto-şəkildə aydın görünür. Yerdə müxtəlif siniflərin sektorlarını təyin edən nişanları görmək olur.

Maraqlıdır, görəsən Alarkon bilirdimi ki, 1928-ci ildə Yaquarın hərbi kursant məktəbi kimi lentə aldıqları binada Qızıl Ordunun Zaqafqaziya Hərbi-Hazırlıq Məktəbi yerləşirdi. Bu məktəb 1921-ci ildə yeniyetmələr üçün ilk azərbaycan hərbi məktəbi kimi qurulmuş və Suvorov Hərbi İnternat Məktəblərinin prototipi olmuşdur.

Old photo of central Baku, 1920s

Binanı fərqli baxış istiqamətindən göstərən bu köhnə foto yəqin elə o illərdə çəkilib. Bizim 132 nömrəli məktəb və 134 nömrəli rus məktəbinin eyni binada yerləşdirilməsi ancaq 1937-ci ildə baş verib, üçüncü mərtəbə də yəqin elə o vaxt tikilib.

Bu yaxınlarda, 2009-cu ilin yayı məktəblər bağlanıb bina hasara alındıqda bir çoxları onun taleyindən çox nigaran qaldılar. Xoşbəxtlikdən, məktəbimiz yeni doqquzmərtəbəli mehmanxananın tikilməsi üçün ərazini təmizləmək məqsədi ilə dağıdılmış Qubernator Evi və ya yuxarıda adı çəkilmiş Zeynalabdin Tağıyevin gəlininə hədiyyə etdiyi gözəl bina, ümumiyyətlə Bakıda davam edən cinayətkar tarixi-memari etinasızlığın daha neçə qurbanının faciəli sonundan qurtuldu. Məktəblər əsaslı yenidənqurma işlərindən sonra keçən ilin sentyabrında yenidən açıldı. İndi dördüncü mərtəbə əlavə olunmuş və əsas girişindəki xarakterik üstü balkonlu tağlı keçidi yığışdırılmış bina xeyli fərqli görünür. Daxili həyət də indi çox başqalaşıb, heç ağla gəlməz ki, bura Yaquarın hərbi kadet məktəbidir.

Baku Educational Complex No.132-134 after a major reconstruction in 2009-2010

2009-2010-cu illərin əsaslı yenidəqurma işlərindən sonra 132-134 nömrəli Bakı Təhsil Kompleksi

“Çili üzərində gecə”dən bir neçə aktyor “Yaquar”da da çəkilib. Taxtabaş serjantın rolunu yenə də İslam Kaziyev (1938) oynayır. “Çili üzərində gecə”də həbs olunmuş fəallardan biri Mayak Kərimov (1944) bu dəfə ikinci planda zabit-təlimçi rolunu oynayır. Alarkon filmə əksəriyyətinin, bəlkə də təsadüfən, Bakı ilə əlaqəsi olan bir neçə erməni aktyoru da dəvət edib. Epizodik hərbi kadet məktəbinin rəisi rolunu oynamış Rusiyanın Xalq Artisti Vladimir Tatosov (1926) uşaqlığını burada keçiribmiş. Bakıda anadan olmuş Rusiyanın Xalq Artisti Nina Ter-Osipyan (1909-2002) ənənəvi personajı olan zarafatçıl qoca bir qarını oynayır. Baş rollardan biri Leytenant Qamboanı oynamış populyar sovet və rus aktyoru Sergey Qazarov (1958) da Bakıda anadan olmuşdur.

Çətin ki, “Yaquar”ın kütləvi səhnələrində tətil və nümayişlər keçirən, hökumət əleyhinə şüarlar qışqıran, bayraqlar yelləyərək xalqa zidd rejimin cəza qüvvələri ilə üz-üzə durmuş çilililəri canlandıran Bakı sakinləri bir neçə ildən sonra elə öz doğma şəhərlərində öz başlarına buna bənzər hadisələrin gələcəyini təsəvvür edəydilər.

Küləklər şəhərində dəyişiklik küləkləri

Uzaq 1988-ci ildə, Azərbaycanda müstəqillik uğrunda açıq-aşkar bir hərəkatın başlanması barədə artıq qısaca yazmışdıq. 1986-cı il Sovet İttifaqında Kommunist Partiyasının Baş Katibi (SSRİ-nin ali rəhbəri) Mixail Qorbaçov (1931) tərəfindən elan olunmuş “perestroyka”“qlasnost” – yeni liberallaşdırma və aşkarlıq siyasəti ilə azadlıq ideyaları və istiqlalın qadağan olunmuş tarixi işıq üzünə çıxmaqda idi. Lakin Azərbaycanda bu ideyalar (“Naqorno-Karabax” kimi rus transliterasiyasında geniş tanınan) Dağlıq Qarabağ regionunda qonşu Ermənistandakı millətçi hərəkatların alovlandırdığı separatçı fəaliyyətlərin başlaması ilə partlayışa səbəb oldu. Böyük erməni diasporasının 1987-ci ilin noyabrında, Fransada təşkil etdiyi bir ziyafətdə Qorbaçovun iqtisadi sitasət üzrə baş məsləhətçisi, erməni Abel Aqanbeqyanın (1932) səsləndirdiyi Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsini dəstəkləyən bəyanatı regionda fəal separatçı hərəkatın başlamasına bir siqnal idi.

Gözlənilmədən bütün erməni intelligensiyası “tarixi torpaqlar”ı geri almaq üçün “silah”a sarılaraq, xalqı ayağa qaldırdı. Bu, ən azından azərbaycanlılar üçün gözlənilməz olsa da, etnik dözümsüzlüyün bu cür alovlanmasının köklərini tapmaq üçün, məsələn, erməni müəllif Zori Balayanın (1935) 1981 və 1984-cü illərdə Yerevan və Moskvada çap olunmuş “Очаг” (“Ocaq”) kitabını vərəqləmək kifayətdir. “Ermənistan haqqında hekayələr. Orta məktəblərin yuxarı sinif şagirdləri üçün” təvazökar altbaşlığı ilə “Şərqi Ermənistanın Rusiyaya birləşməsinin 150 illiyinə” həsr olunmuş bu kitab hələ o zaman düşmən türk-azərbaycanlı obrazı yaradaraq “qədim erməni torpaqları”, “yenidən birləşmə”, “Böyük Ermənistan”ın “dirçəliş”indən söhbət açırdı. Bununla belə o zaman erməni xalq hərəkatının liderlərindən, natiqlərindən biri olmuş və indiyə qədər müxtəlif mükafatlarla təltif olunan müəllif heç yazmayıb ki, o torpaqlarda yaşayan yüz minlərlə azərbaycanlının (və digər millətlərin) aqibəti necə olmalıdır. Lakin 1987-ci ilin soyuq qış mövsümündə Ermənistandakı evlərindən qovulmuş ilk bir neçə min qaçqın və 1993-cü ilə qədər qaçqına çevrilmiş milyona yaxın insan bunu sizə söyləyə bilər, qətl olunmuşlar isə daha söyləyə bilməyəcəklər.

Sovet mətbuatı, həm yerli, həm də mərkəzi Moskva mediası azərbaycanlı qaçqınların taleyinə qarşı kor və kar idi. Bu insanların əksəriyyəti Bakıdan 30 kilometr məsafədə, onsuz da fəlakətli sosial vəziyyətdə olan sənaye şəhəri Sumqayıtda yerləşdirilmişdir. Az qala hər gün Ermənistanda Qarabağı tələb edən kütləvi çıxışlar, Azərbaycanda barışmaz separatizmin qarşısını almaq üçün təcili tədbirlərin görülməsinə çağıran kortəbii nümayişlər keçirilidi. 22 fevral 1988-ci ildə, Qarabağdakı bir qarşıdurmada iki azərbaycanlının öldürülməsi barədə rəsmi xəbər gərginliyi daha da artırdı. Bu, 27 fevral Sumqayıtda 26 erməni və 6 azərbaycanlı vətəndaşın öldürülməsi ilə nəticələnən qanlı bir təxribatla yekunlaşdı. Sovet hüquq mühafizə qüvvələri iğtişaşlara son qoymaq üçün ancaq iki gün sonra reaksiya verərək, eyni zamanda ermənilərin şəhərdən planlı şəkildə çıxarılmasına başladılar. Təəssüf ki, Azərbaycan tarixində faciəli qara ləkə kimi qalmış Sumqayıt qırğını Avropa və Amerikadakı nüfuzlu erməni diasporasının da arxa durduğu millətçi təbliğatın kozır kartına çevrildi. Nəticədə bir çox mənbələr onu indiyə qədər münaqişənin başlanğıc nöqtəsi və ilkin səbəbi kimi qələmə verir.

Separatçı erməni hərəkatına Moskvadakı demokratik dairələri təmsil edən bir çox ziyalılar da, o cümlədən “bir nömrəli sovet dissidenti”, hər yerə həyat yoldaşı – erməni qızlıq soyadı Əlixanyan çox adama məlum olmayan sovet insan hüquqları müdafiəçisi Yelena Bonnerin (1923) müşayiəti ilə gedən Andrey Saxarov (1921-1989) dəstək veriridi. Mərkəzi hökumət dairələri də göründüyünə görə ermənipərəst, hətta demək olar erməni idi: Qorbaçovun iqtisadi siyasət üzrə baş məsləhətçisi Aqanbeqyandan başqa xarici siyasət üzrə baş məsləhətçi Georgi Şaxnazarov (1924-2001), maliyyə və plan məsələləri üzrə baş məsləhətçi Stepan Sitaryan (1930-2009) var idi.

Silahlı separatizm genişləndikcə və millətçi hücumların sayı artdıqca aydın olurdu ki, nə Sovet Kommunist Partiyasının mərkəzi apparatı, nə də yaltaq yerli hökumətin öz xalqını qorumaq istəyi və ya bacarığı var. Baltikyanı ölkələrin Xalq Cəbhələrinin modeli əsasında bir qrup ziyalı tərəfindən təsis olunmuş Azərbaycan Xalq Cəbhəsi (AXC) qısa müddətdə böyük populyarlıq qazandı. 17 noyabr 1988-ci il Bakının mərkəzi Lenin meydanı – indiki Azadlıq meydanında yarım milyondan çox insanın iştirakı ilə başlayan kütləvi mitinqlər böyüyərək Meydan Hərəkatına, ilk müddətsiz mitinq və Azərbaycanda açıq milli azadlıq hərəkatına çevrildi. Məhz orada yaddaşlardan silinmiş Azərbaycan Demokratik Respublikasının unudlmuş üçrəngli bayrağı qurucularından biri Məmməd Əmin Rəsulzadənin (1884-1955) vaxtilə söylədiyi kimi bir daha ucaldı. Noyabrın 24-də Bakıda fövqəladə vəziyyət elan edildi və Sovet Daxili İşlər Nazirliyinin xüsusi qoşunları şəhərə daxil oldu. Lakin meydandakı müddətsiz mitinq 5 dekabr gecəs iki nəfərin həlak olması ilə amansızcasına dağıdılana qədər fasiləsiz olaraq davam etdi. Sonradan bir çox arzuların boşa çıxmasına baxmayaraq Meydan Hərəkatı Azərbaycanın milli azadlıq mübarizəsinin bir qədər idealist, böyük ümidlərlə dolu fədakar birlik dövrü olmuşdur.

Azerbaijani literati support the public movement at the Lenin Square, 1988 

Mənbə: Azadlıq Radiosu (RFE/RL): Azərbaycan ədibləri Lenin Meydanında xalq hərəkatına dəstək verir. Ayaq üstə: şair və publisist İslam Sadıq. Oturanlar: şair Qabil (1926-2007), yazıçı İsmayıl Şıxlı (1919-1995) və şair Bəxtiyar Vahabzadə (1925-2009). Arxa fondakı tamamilə öz işinə dalmış şəxs isə növbəti misraların müəllifi kimi tanınan şair Xəlil Rzadır (1932-1994):

Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!

Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi, Cahan kimi.

O illər yaddaşımda həm də böyük ruh yüksəkliyi və vulkan kimi püskürən yaradıcı enerji ilə dolu bir dövr kimi qalıb. 1988-ci ildə iki dildə çıxan “Gənclik/Молодость” jurnalı 70 000 tirajla çap olunaraq, öz maraqlı və kəskin məqalələri, yeni fərqli görünüşünə görə böyük populyarlıq qazandı. İndi Azərbaycanın Xalq Artisti, rejissor Vaqif Mustafayevin (1953) çəkdiyi “Yaramaz/Мерзавец” satirik komediya filmi Sovet İttifaqı və hətta xaricdə gurultulu uğur qazandı. Bu, filmdə baş qəhrəman Hətəmin rolunu oynayan gürcü aktyoru Mamuka Kikaleyşvili (1960-2000) üçün də şöhrət anı olmuşdur. Çürümüş sovet inzibati-amirlik partiya sistemini ifşa edən başqa bir satirik film – idtedadlı Yefim AbramovNizami Musayev tandeminin çəkdiyi “Lətifə/Анекдот” o qədər də məşhurlaşmadı. Lakin bütün rabitə qovşaqlarını ələ keçirərək hərbi dövlət çevrilişi elan edən silahlı pionerlərin iştirakı ilə final səhnəsi gələcəkdən xəbər verirmiş. Filmin son titrlərində məhbus geyimində anfas və profil fotolarının göstərilməsi 1994-cü ildə həbs olunaraq sonradan Azərbaycanı tərk etmiş Nizami Musayevin taleyini də, elə bil ki, əvvəlcədən görürmüş. “Lətifə” 1989-cu ildə, fövqəladə vəziyyət və komendant saatı hökm sürdüyü, Bakının küçələrinə silahlı əsgərlər və zirehli maşınların nəzarət etdiyi bir vaxtda çəkilmişdir. Yadımdadır ki, bu filmin gizli çap olunmuş qara-ağ “samizdat” afişalarında sovet siqaret qutuları üzərində görməyə öyrəşdiyimiz xəbərdarlığı yamsılayan başlıq yazılmışdır: ”МВД и КГБ СССР предупреждают: Просмотр этого фильма вреден для вашего здоровья” – “SSRİ MVD (Daxili İşlər Nazirliyi) və KQB-si (Dövlət Təhlükəsizliyi Komitəsi) xəbərdarlıq edir: bu filmə tamaşa etmək səhhətinizə ziyandır”.

Baku public school No.132 courtyard, 1988

Məktəb albomu silsiləsindən bu son foto-şəkil Meydan Hərəkatının başlamasından cəmi bir neçə ay əvvəl, 1988-ci ilin yayında, riyaziyyat imtahanı verdiyimiz gün, fasilə zamanı çəkilmişdir. Yeni sinif rəhbərimiz, ərəb dili müəlliməsi, 1990-cı ildə gözlənilmədən vəfat etmiş Fəxriyyə Bağırova ilə birlikdəyik. O il sinfimiz üçün faciəli bir il oldu – maşın vurmuş bir sinif yoldaşımızı da itirdik. O il ailəm üçün də faciəli bir il oldu, çünki babam da daxil olmaqla bir neçə yaxın qohumumuz dünyasını dəyişdi. Bütün xalqımız üçün də – 1990-cı il Azərbaycan üçün Qara Yanvarla başladı.

Bakı üzərində gecə

1989-u ilin axırına doğru hər iki tərəfdən qaçqınların sayı artıq minlərlə ölçülürüdü. Ermənistanda faktiki olaraq bir azərbaycanlı da qalmamışdı, erməni separatçıların silahlı hücumlarının genişləndiyi Qarabağdan qaçqınların yeni dalğaları gəlməkdə idi. Bakı və bir çox başqa şəhərdə “İstefa” şüarı ilə xalqın gözündən düşmüş yerli hökumətin getməsini tələb edən nümayişlər yenidən başladı. Biabırçı Berlin Divarı artıq oktyabr ayında dağılmışdı və Şərqi Avropa üzərində Azadlıq kabusu gəzməkdə idi. Azərbaycan Xalq Cəbhəsi xalqın yekdil dəstəyini qazanaraq real siyasi bir qüvvəyə çevrilmişdi, lakin onun rəhbərliyində ixtilaf əlamətləri də görünürdü. Bir çox rayonlarda Cəbhə faəlları Kommunist Partiyası yerli komitələrinin birinci katiblərini, yəni sovet inzibati sisteminin yerli rəhbərlərini vəzifələrindən getməyə məcbur edirdilər. 29 dekabr ölkənin cənub-şərqindəki rayon mərkəzi Cəlilabadda bənzər proses əsayişin pozulması, inzibati binaların zədələnməsi və yerli məmurların döyülməsi ilə müşayiət olundu. Sovet milis qüvvələrinin qonşu rayonlardan göndərilmiş birləşmiş kontingenti tez bir zamanda iğtişaşlara son qoydu. Radikal meyllərin artması 11 yanvar 1990-cı il Cəlilabadla qonşu LənkəranNeftçala rayonlarında Cəbhə fəallarının sovet hakimiyyətini devirməsi ilə nəticələnəcəkdi.

Lakin Yeni İl ərəfəsində baş verənlər görünməmiş hadisələr idi. 1989-cu il dekabrın 30-dan 31-ə keçən gecə Naxçıvanda Sovet İttifaqının İranla sərhəd postları yandırıldı. Həmin günün sabahısı, indi Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilən gündə digər bir neçə rayonun camaatı onları Araz çayının o tayında, İranda başqa bir müstəbid rejimin hökmü altında yaşayan soydaşlarından ayıran sovet sərhəd istehkamlarını dağıtmağa başladı. İran əhalisinin 20 faizindən çoxunu təşkil edən ən böyük etnik “azlıq”, təxminən 20 milyon Azərbayacan Türkünün əsas mədəni hüquqlardan olan ana dilində rəsmi təhsil almaq haqqı hələ də rədd edilir. Milli ruhun zirvəsinə yüksəldiyi bu anda hər kəsə elə gəlirdi ki, Əli Səliminin (1922-1997) hələ 1956-cı ildə bəstələdiyi, lakin senzuranın ancaq 1958-ci ildə, sözləri dəyişdirildikdən sonra Tehran radiosunda açıq ifasına icazə verdiyi, Araz çayının hər iki sahilində Rəşid Behbudov (1915-1989) və Ququş (Faiqə Atəşin) (1950) kimi sevilən müğənnilərin iki nəsli tərəfindən oxunan “Ayrılıq” mahnısının Yaqub Zurufçunun (1956) ürəkləri fəth edən ifasında təcəssüm olunmuş onilliklər boyu davam edən əsarət və əzablı ayrılıq sona yetdi.

Lakin 13-15 yanvar Sumqayıt ssenarisi Bakıda təkrar olundu. Hər gün şəhərin mərkəzi hissəsi, Lenin meydanı və Mərkəzi Komitə binasının qarşısında mitinqlərin davam etdiyi bir vaxtda şəhərin başqa yerlərində erməni vətəndaşlara qarşı təşkil olunmuş hücumlar təxmini qiymətləndirmələrə görə 56-dan 90-a qədər qətllə nəticələndi. Naməlum səbəbdən bir qədər əvvəl tamamilə tərksilah edilmiş yerli milis fəaliyyətsiz idi, Bakıda yerləşdirilmiş 12 minlik sovet qoşunları isə yenə də müşahidəçi rolunu oynayaraq sonradan ancaq qaçqınları toplayıb deportasiya edirdi.

Təəssüf ki, bu faciə də millətçi erməni təbliğatı tərəfindən Azərbaycana qarşı istifadə olundu. İnsanlıq və sağlam düşüncənin təcəssümü olmaq əvəzinə ziyalılar şərin çarxını döndərirdilər, bir neçə diqqətəlayiq şəxs istisna olmaqla. Yaxın ailə üzvləri bu faciədə əziyyət çəksə də “Yaquar”da baş rolları ifa edən aktyorlardan biri kimi yuxarıda adı çəkilmiş Sergey Qazarov heç vaxt onlara qoşulmamış və ailəsinə kömək etmiş azərbaycanlıları yada salmışdır. Təsadüfi deyil ki, o, nifrətin təbliğ olunmasını hər zaman pisləyən başqa bir populyar erməni əsilli sovet və rus aktyoru Armen Ciqarxanyanın (1935) Moskvada rəhbərlik etdiyi bir teatrda bir neçə il işləmişdir.

Bəs bu qırğının arxasında kim dururdu?

O hadisələrin şahidi və qurbanı, anası erməni olan Bakıda doğulmuş Şahmat üzrə 13-cü Dünya Çempionu, hazırda rus siyasi fəalı Qarri Kasparov (1963) “Bakıdakı erməni qırğınlarının arxasında duran KQB idi. KQB xalqları bir-birinə qarşı qoydu.” deyir. Lakin keçmiş KQB generalı Vyaçeslav Şironin (1939) öz növbəsində xarici xüsusi xidmət orqanlarını günahlandırır, keçmiş Cəbhə fəalı Zərdüşt Əlizadə (1946) isə Kommunist Partiyasının köhnə mafiyasını.

A rally in front of the Central Committee building, Baku. Photo: Victoriya Ivleva. 

Hazırda Prezident Aparatının yerləşdiyi Mərkəzi Komitə binasının qarşısında mitinq.
Plakatların üzərində rus dilində şüarlar – “Qanlı Perestroykaya yox!” və “Erməni millətçiləri Qarabağdan rədd olsun!” yazılıb. Foto: Viktoriya İvleva. Mənbə: “FotoSoyuz”

Bir neçə gün ərzində Bakıdan başqa bütün Azərbaycan ərazisində fövqəladə vəziyyət elan edildi, şəhərin ətrafına isə təqribən 26 minlik sovet ordu qüvvələri cəmləşdirildi. Yanvarın 17-dən bəri məktəbimizin yaxınlığında yerləşən Mərkəzi Komitənin binası qarşısında fasiləsiz mitinq gedirdi. Qoşunları buraxmamaq üçün Bakıya giriş yollarında və şəhərdəki ordu kazarmaları ətrafında yük maşınları və avtobuslardan improvizə olunmuş barrikadalar qurulmuşdu. Moskva nümayəndələri, o cümlədən Qorbaçovun Prezident Şurasının üzvü Yevgeni Primakov (1929) yerli televiziya və mitinqdəki çıxışlarında insanları əmin etdilər ki, ordu şəhərə girməyəcək. Hələ 1956-cı ilin Macarıstanında sovet tankları artıq Budpeştə doğru irəliləyərkən o zaman sovet səfiri olan Yuri Andropovun (1914-1984) yerli hökuməti hücum əmri olmadığına inandıraraq necə aldatdığı onda çətin ki, kiminsə yadına düşdü. Yanvarın 19-u, saat 19:30 radələrində sovet xüsusi qoşunlarının kiçik bir qrupu yerli radio-televiziya verilişləri stansiyasının enerji blokunu partlatdı. Bütün ölkə informasiya vakuumunun zülmətinə qərq oldu və gecə yarısı bu zülmətin qaranlığında sovet qoşunları kod adı “Zərbə” olan əməliyyata başladı.

“Dosta məktub (Письмо Другу)” kitabına yazdığı “Post-skriptum”da atam o gecəni yada salır:

O qorxunc gecədə üç nəfər qonşumla birlikdə mən də “məşhur” Salyan kazarmalarının qabağında toplaşmış nümayişçilərin arasındaydım. Hətta biz ora mənim maşınımda getmiş və maşını bir az aralıda, nisbətən təhlükəsiz bir yerdə saxlamışdıq. Ordunun şəhərə yaxınlaşdığı və qəti hücuma hazırlaşdığı barədə söz-söhbət dolaşırdı ortada. Amma buna heç kim inanmırdı və inanmaq da istəmirdi. Çünki sadəcə bir gün əvvəl mərkəzin nümayəndəsi Mixaylov* və bizim Mərkəzi Komitənin nümayəndəsi Daşdəmirov* televiziya ilə çıxış edərək bir ağızdan xalqa “kişi sözü” verirdilər ki, ordu heç bir vəchlə şəhərə girməyəcək.

Təxminən gəcə saat 11 radələrində kazarmadakı mövqelərdən trasser güllələri ilə havaya atəş açmağa başladılar. Lakin piketçilər bu atəşi sadəcə kobud bir zarafat kimi qəbul etdilər. Mən piketçilər arasında bir nəfər belə olsun silahlı adam görmədim. Düzdür bir yük maşınının kuzovunda, güman edirəm, içi yandırıcı məhlulla dolu şüşələr olduğunu gördüm. Bir də əllərində atmatur parçaları, əynində əskər buşlatı olan 10-15 nəfər gənc, çəlimsiz uşaq bir ara diqqətmi çəkdi. Piketçilərin silah-sursatı yalnız bunlardan ibarət idi. Lakin, əlbəttə, kazarmanın çıxışını və yolu bağlamış böyük yük maşınları və avtobuslar dayanmışdı.

Biz orada olarkən xəbər gəldi ki, kazarmada olan tanklar əks tərfdəki divarları dağıdıb, kazarmaya bitişik maşın dayanacağındakı avtomobilləri tırtılları altında xurd-xəşil edərək yola çıxmışlar. Bu şayiəyə də heç kim inanmadı. Ancaq sonradan məlum oldu ki, xəbərlər doğru imiş və hər şey elə o cür baş verirmiş. Bu tanklar şəhərə şimaldan daxil olan ordu hissələrinə tərəf hərəkət edərək, şimal girişindəki piketçilərə ölümcül bir tələ qurmuşdular. Elə ən çox qırğın da orada, taleyin acı istehzası ilə bir zaman bizə 1920-ci ilin 28 aprelində “azadlıq” gətirmiş “qəhrəman” XI Qızıl Ordunun şərəfinə ucaldılmış nəhəng abidənin durduğu yerdə baş vermişdir…

Sonra iş belə oldu: yoldaşlarımızdan biri xəstəxanadan yeni çıxmışdı və böyrəkləri ona əziyyət verirdi. Məndən xahiş etdi ki, onu evə aparım, bir qədər çay-çörək yeyib canımızı qızdıraq, sonra daha isti geyinərək, çox ehtimal ki, artıq maşınsız olaraq geri qayıdaq. Lakin biz geri qayıda bilmədik, çünki, artıq saat yarım sonra ordu şəhəri işğal etmişdi. Evdə uşaqlar yatırdı və mən gecə saat 3 radələrində hərbi texnikanın “ağır addımları”nın səsini eşidərək küçəyə çıxanda hökümətin istefasını tələb edən mitinqin davam etdiyi Mərkəzi Komitə binası istiqamətində hərəkət edən çoxlu sayda zirehli texnika gördüm. Hərbi maşınların kuzovundakı əskərlər isə mövcud olmayan daş və güllələrdən qorunmaq üçün metal qalxanlarını başları üstündə tutmuşdular. O qorxunc hadisələrdə mənim iştirakım əsasən bunlardan ibarət olub.

Morning of 20 January 1990, Baku Morning of 20 January 1990, Baku
Morning of 20 January 1990, Baku

20 yanvar 1990-cı ilin səhərinə sovet qoşunları Müdafiə Naziri Dmitri Yazov (1924) və Daxili İşlər Naziri Vadim Bakatinin (1937) rəhbərliyi altında (o gecə hər ikisi Bakıda idi) əmri uğurla yerinə yetirmişdi, öldürülmüş insanların meyitləri isə Bakının küçələrində qalmışdı. Daha sonra həmin il general Yazov marşal paqonları, Ali Baş Komandan Qorbaçov isə Nobel Sülh Mükafatı aldı. İndi biz artıq bilirik ki, həmin gecə 130-dan artıq mülki şəxs, o cümlədən yaşlı, qadın və uşaqlar öldürülmüş, daha təxminən 700 nəfər yaralanmışdır.

O günlərin tam informasiya zülmətində iynə ucu boyda yeganə işıq mənbəyi 1974-cü ildə İsrailə mühacirət etmiş, sonradan isə Azad Avropa/Azadlıq Radiosunda Azərbaycan xidmətinin rəhbəri olmuş Azərbaycan yəhudisi Mirzə (Mikayılov) Xəzərin (1947) səsi idi. Onun Münhendəki komandası Bakıdan canlı müsahibə və gündəlik xəbərləri yaymağa nail olmuşdu.

Baku citizens killed on the streets. Photo: Victoriya Ivleva

Foto: Viktoriya İvleva. Mənbə: “FotoSoyuz”

Küçələrdə öldürülmüş Bakı sakinləri.

Mülki şəxslərin yaxın məsafədən, xüsusi qəddarlıqla güllələnməsi, ağır hərbi texnikanın bilərəkdən minik vasitələrinin üzərinə sürülməsi və sərnişinlərin qətli, xəstəxana və təcili yardım maşınlarına atəş açılması, yaralıların öldürülməsi, süngülənmə və soyğunçuluq Moskvada yerləşən “Щит” (“Qalxan”) vətəndaş cəmiyyəti təşkilatının müstəqil hərbi ekspertləri tərəfindən o zaman sənədləşdirilmiş cinayətlərin ancaq bir hissəsidir. İşğalçı ordunun heyətini tamamlamaq üçün Rusiyanın Rostov, Stavropol və Krasnodar (ən çox erməni əhalisi olan) vilayətindən “rezervist”lər də səfərbər olunmuş, məhz onlar qəddarlıqda xüsusilə seçilmişdirlər. O zaman Bakıya daxil olan sovet nizami ordu hissələrində qulluq etmiş keçmiş desnatçılar həmvətənimiz Vyaçeslav Sapunovun bir bloq yazısında topladığı xatirələrində həmin “partizan”ları yada salırlar.

Dead bodies in the city morgue. Photo: Victoriya Ivleva

Foto: Viktoriya İvleva. Mənbə: “FotoSoyuz”

Şəhər morqunda meyitlər.

20 yanvar 1990-cı ilin o boz şənbə səhərini xatırlayıram. Həmişəki kimi kiçik qardaşımla balaca bir gəzintiyə çıxdıq. Küçə qapısı ilə üzbəüz, yerdə üstü yöndəmsizcəsinə qumla örtülmüş moruq rəngli böyük bir ləkə var idi. Əsas Hüsü Hacıyev küçəsinin tinindən sola dönərkən mis rəngli kiçik bir metal parçası gözümə dəydi. Bu, güllə idi. Birini də Mərkəzi Univermağın tinindən sola dönüb Fəvvarələr Maydanına enərkən tapdıq. Sonra “Araz” kino-teatrında doğru sağa dönərkən qəflətən qapıların birində yaşlı bir xanım göründü. “Sizi çölə kim buraxıb? Tez gedin evə! Bilmirsiniz ki, camaatı qırıblar?” deyə o, qışqırdı. Eyni yolla qaçaraq geri qayıdarkən Univermağa çatanda pərlərin yaxınlaşan uğultusu sakitliyi pozdu. Yaşılımtıl-xaki rəngli hərbi vertolyot vərəqələr səpə-səpə başımızın üstündən uçdu. Birini götürdüm – gecə yarısı fövqəladə vəziyyətin elan olunduğu yazılmış, küçələrə çıxmaq və üç nəfərdən artıq toplaşmaq kimi qadağan olunmuş hərəkətlərin uzun siyahısı verilmişdir.


Burial of the victims of the 20 January in Baku.
Burial of the victims of the 20 January in Baku.
Burial of the victims of the 20 January in Baku.
Burial of the victims of the 20 January in Baku.

Lakin iki gün sonra, yanvarın 22-si yüz minlərlə insan şəhidləri son mənzilə yola salmaq üçün küçələrə çıxdı. O zaman ilk dəfə eşitdiyimiz bu yeni söz Azərbaycanda sonrakı terror, müharibə və işğal illəri ərzində xalqın leksikonuna birdəfəlik daxil oldu. Şəhidlər Xiyabanındakı qəbirlərin ilk cərgəsinə sonradan onlarla yeni cərgə əlavə olundu.

Həmvətənlərimlə birlikdə izdihamlı qara matəm yürüşündə, bir vahiməli qarabasmadakı kimi ucadan səslənən inilti və ağlaşmaların arasından, üstünə minlərlə qərənfil qoyulmuş təzəcə qazılmış məzarların uzun sırasının qarşısı ilə keçərkən hələ də “oğlanlar heç vaxt ağlamaz” qaydasını sübut etməyə çalışırdım, lakin üstündə sadəcə qırmızı pioner qalstuku, bir də qara məktəbli donu, baş daşı əvəzinə məktəbli çantası qoyulmuş adsız bir qəbrin başında hönkürtüylə göz yaşlarına boğuldum. Bu, Larisa Məmmədova, 134 nömrəli qonşu məktəbdən həmyaşıdım olan bir qız idi.

The soldiers guard the building of the Oblast Committee of the Communist Party. Baku, January 1990. Our school No.132 and school No.134 are visible in background. Photo: Victoriya Ivleva. Source: FotoSoyuz

Foto: Viktoriya İvleva. Mənbə: “FotoSoyuz”

Kommunist Partiyası vilayət komitəsinin binasını mühafizə edən əsgərlər.
Bakı, yanvar 1990-cı il. Arxa fonda bizim 132 nömrəli məktəbimiz və 134 nömrəli məktəb görünür.

The soldiers guard the building of the Oblast Committee of the Communist Party. Baku, January 1990. Our school No.132 is visible in background. Photo: Victoriya Ivleva. Source: FotoSoyuz

Foto: Viktoriya İvleva. Mənbə: “FotoSoyuz”

Kommunist Partiyası vilayət komitəsinin binasını mühafizə edən əsgərlər.
Bakı, yanvar 1990-cı il. Arxa fonda bizim 132 nömrəli məktəbimiz görünür.

1990-cı ilin o qara yanvar günləri, tam informasiya zülmətində mərkəzi Moskva mətbuatının sovet propaqanda xorunun səs-küyündə boğulan ancaq bir neçə həmrəylik sədası eşidilirdi. Sovet İmperiyasının süqutunu göstərmiş “Так жить нельзя” (“Belə yaşamaq olmaz”) publisistik sənədli filmi üzərində işləyən məşhur sovet rus kino-rejissoru Stanislav Qovoruxin (1936) öz çəkiliş qrupu ilə Bakıya gəldi.

Hətta 1990-cı ildə çəkilmiş bu filmdə sovet qoşunlarının qətlə yetirdiyi insanların təsvirləri artıq erməni qırğınının qurbanları barədə mətn üçün illüstrasiya kimi istifadə olunub. Qovoruxin Rusiyadakı erməni diasporasının təsiri altında idi və bu foto-şəkilləri ona böyük ehtimalla diaspora çatdırmışdır. Elə keçən il Birləşmiş Ştatlardakı diaspora xəbər agetliyinin 19 yanvar qətlə yetirilmiş yəhudi əsilli Bakı sakini Vera Bessantina (1973-1990) təsvir olunmuş fotonu azərbaycanlıların öldürdüyü erməni qızı kimi qələmə verdiyi oxşar bir əhvalatdakı kimi. Qovoruxin Bakıya neqativ mövqedə, “bütün dünya ictimaiyyəti kimi ordunun Bakıya yeridilməsinə anlayışla yanaşaraq” gəlmişdi, lakin bu vəziyyət faktları öz gözləri ilə gördükdən sonra tamamilə dəyişdi.

Belə görünür ki, oxşar dəyişiklik yuxarıda adı çəkilmiş, öz beynəlxalq səfərləri boyu “ermənilərin mübarizəsi” və “Sumqayıt həqiqətləri”ni fəal surətdə təbliğ edən Kasparovun da başına gəlmişdir. Onun 20 yanvarın birinci ildönümü digər həmrəylik teleqramalrı ilə bərabər “Azadlıq” qəzetində çap olunmuş müraciətini çətin ki, indi kimsə xatırlayır.

Azadlyq newspaper, 24 January 1991, issue No.4 (34). Courtesy of Azerbaijan National Library

“Azadlıq” qəzeti, 24 yanvar 1991-ci il, buraxılış No.4 (34).
Mənbə: Azərbaycan Milli Kitabxanası

Mən, Qarri Kasparov, sizin 1990-cı ilin dəhşətli yanvar günləri Bakını tərk etməyə məcbur olan keçmiş yerliniz 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə dinc əhaliyə qarşı Sovet Ordusunun cinayətkarcasına istifadəsi nəticəsində qətlə yetirilmiş insanların ailələrinə baş sağlığı verirəm.

Göndərdiyim 5 000 dollar məbləğində kiçik maddi köməyi qəbul edərək ehtiyac olduğu istiqamətdə paylaşdırmağınızı xahiş edirəm.

Bu gün artıq heş kimə sirr deyil ki, nə ölkəmizdə, nə də xaricdə lazımi səviyyədə işıqlandırılmamış Bakı faciəsi əslində can verən totlitarizmin son hücuma hazırlıq məşqi idi.

Bu matəm dəqiqələrində, həlak olaraq “qara yanvar”ın qurbanlarına çevrilmiş insanları yad edərkən, nəzərlərimizi dumanlandıran şüursuz qəzəbin bəlalarımızın əsl günahkarı olan kommunist diktaturasını gizlətməsinə imkan verməməliyik.

Ancaq səylərimizi birləşdirməklə və arası kəsilməyən fitnələrə uymamaqla öz şərəf, ləyaqətimizi qoruya və gələcəyimizi xilas edə bilərik.

Son söz əvəzi

İndi oxuduğunuz yazı üçün illüstrasiyalar axtarakən bu foto-şəklə rast gəldim. Bu şəkil 1990-cı ildə, Şəhidlər Xiyabanında çəkilmişdir, lakin sizcə foto-agentliyin ona əlavə etidyi başlıq nə olar?

Alley of Martyrs in Baku, 1990. Photo: Oleg Lastochkin

Foto: Oleq Lastoçkin. Mənbə: “RİA Novosti”

Belə görünür ki, “RİA Novosti”saxtalaşdırılmış başlıqlar ətrafında gedən gizli oyun davam edir. Lakin 17 noyabr 2010-cu ildə yazdığım məktuba hələ nə Rusiya agentliyi, nə də məktubun surətini göndərdiyim Azərbaycanın Rusiyadakı Səfirliyi heç bir reaksiya verməyib:

Hörmətli cənab/xanım,

Uzun illər ərzində “RİA Novosti” ciddi xəbər agentliyi kimi ad qazanmış, onun foto-arxivi isə sənədli tarixin qiymətəgəlməz bir mənbəyi olmuşdur. Təəssüf ki, “RİA Novosti” bir daha saxtalaşdırma alətinə çevrilmişdir. “RİA Novosti”nin onlayn foto-arxivindən təsadüfən rastıma çıxan növbəti foto-şəkillərin açıq-aşkar yanlış başlığı var:

http://visualrian.com/images/item/411872*Bakıda 19-22 yanvar 1990-cı ilin millətlərarası münaqişəsi zamanı öldürülmüş erməniləri yad edərkən. Bu foto Bakıda münaqişənin erməni qurbanlarının dəfn olunduğu Mərkəzi Parkı göstərir.”

Bu foto-şəkil əslində sovet ordusunun 19-20 yanvar 1990-cı ildə Bakıya yeridilməsinin qurbanları (baxın http://www.rian.ru/history/20050120/1938582.html) bugünkü Şəhidlər Xiyabanında dəfn olunduqdan sonra keçirilən matəm yürüşünü təsvir edir.

http://visualrian.com/images/item/436565*Dağlıq Qarabağda qəbristanlıq / Azərbaycanla münaqişənin qurbanları dəfn edilmiş qəbristanlıq.

Bu foto-şəkil isə əslində Bakıda, 20 yanvar qurbanları, həmçinin separatçı erməni qüvvələrinə qarşı müharibədə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanındandır. Bu fotonu həmvətənimiz, tanınmış peşəkar Oleq Litvin çəkmişdir və ola bilməz ki, öz foto-şəklinə saxta başlığı o versin.

Bütün bunları nəzərə alaraq, çox ümid edirəm ki, ən qısa zamanda yanlış məlumat verən başlıqları dəyişəcəksiniz. Bundan ziyadə sizi bu vəziyyəti araşdırmağa və gələcəkdə mümkün saxtalaşdırmaların qabağını almağa çağırıram.

Bu yazını belə kədərli notlarla bitirərkən hələ 2002-ci ildə Azərbaycan və Cənubi Amerikanın musiqi ənənələrini bir araya gətirən parlaq bir layihə yadıma düşdü. Məlum oldu ki, bu əməkdaşlıqda iştirak edən latın-amerikan xalq musiqi qrupu “Altiplano” Çili qrupu hesab olunur və həm çilili, həm də ekvadorlu musiqiçilərdən ibarətdir. Onlar doqquz il sonra, martın 11-ində “Salam-Hola” adlı bir konsert proqramı ilə yenidən Bakıda idilər və biz dərhal ora getməyə qərar verdik.

Mənbəyini Qafqaz və And dağlarından götürən musiqinin Siyavuş KərimiMaurisio Visensionun rəhbərlik etdiyi bu füsunkar əməkdaşlıq nəticəsində ərsəyə gəlmiş gözəl sintezi, Azərbaycan Muğamının əsrarəngiz səslərinin Pataqoniya melodiyalarının parlaq enerjisi ilə qovuşması bizə bir daha xatırladır ki, məsafələr və fərqliliklərə baxmayaraq ümumi insanlıq ruhu bizim hamımızı birləşdirir.

Təşəkkürlər

Bakının köhnə foto-şəkilləri və tarixi materialların əksəriyyəti “Baku Pages”dəki Bakı və bakılılıarın tarixi üzrə Parapet virtual cəmiyyətindən http://www.bakupages.com/city/parapet/ və şəhərin tarixi barədə “Our Baku” (“Bizim Bakı”) ensiklopediyasından http://www.ourbaku.com götürülmüşdür.

Populyar azərbaycan sovet aktyoru Sadıq Hüseynov barədə qısa bioqrafik məlumata görə “Kinozal.az”dan cənab Ramil Ələkbərova təşəkkür etmək istərdim, belə ki, internetdə aktyorun ad günü barəsində belə məlumat yox idi.

Digər maraqlı keçidlər

Fuad AxundovBetti Bleyrin təqdimatında “Əli və Nino piyada ekskursiyası” 2004-cü il “Azerbaijan International” jurnalının yay buraxılışında yer almış http://azer.com/aiweb/categories/magazine/ai122_folder/122_articles/122_walking_tour_map.html və tamamilə bu romana həsr olunmuş son 2011-ci il buraxılışında yenidən çap olunmuşdur: http://azer.com/aiweb/categories/magazine/ai152_folder/152_pdf/152_pdf_english/ai_152_an_walking_tour.pdf

Bakının 1917-18-ci ildə çəkilmiş köhnə aero-fotoşəkilləri, həmçinin onların müəllifi və Korvin-Kerber ailəsi barədə daha geniş məlumatı Yeysk Ali Hərbi Aviasiya Məktəbi məzunlarının forumunda əldə edə bilərsiniz http://forum.evvaul.com/index.php?topic=1087.0. Bu yaxınlarda Fərid Zeynalov azərbaycanca yazdığı “Google Earth, 1917-1918, Bakı” bloq yazısını bu fotolara həsr etmişdir: http://blog.stomatoloq.az/baku/baku-1917-1918/.

“La ciudad y los perros” (1985) – Mario Varqas Lyosanın eyniadlı romanı əsasında Fransisko X. Lombardinin ekranlaşdırdığı peru filmi: http://www.youtube.com/watch?v=VpuS_uWjs7M

Sovet dövründən qalmış bütün kino və multiplikasiya filmləri, o cümlədən bəzi azərbayncan filmlərini “ArjLover”in arxivindən yükləyə bilərsiniz: http://film.arjlover.net/

“El pueblo unido, jamás será vencido” – Cilidə müqavimət hərəkatının simvoluna çevrilmiş bu mahnının müəlliflər, populyar “Kilapayun” xalq musiqisi qrupu tərəfindən 1973-cü ildə http://www.youtube.com/watch?v=fvlgM70tBGc və otuz il sonra ifası: http://www.youtube.com/watch?v=LWlkWPXfvXc

“Yaramaz/Мерзавец” – 1988-ci ildə Vaqif Mustafayevin çəkdiyi və müxtəlif mükafatlara layiq görülmüş bu azərbaycan filmi soviet Perestroyka dövrü barədə satirik komediyadır (rusca dublyaj olunmuşdur): http://www.youtube.com/watch?v=ozM1rPOqYgw

“Эхо Сумгаита” (“Sumqayıtın əks-sədası”) – rejissor Davud Imanovun (1945-2002) rusca çəkdiyi sənədəli filmlər silsiləsindən birincisi, anti-azərbaycan təbliğatının yaydığı yalanları dağıtmağa çalışan jurnalist təhqiqatı: http://www.youtube.com/watch?v=sP8B3BBe-ew

Dəhşətli 20 yanvar hadisələrini əks etdirən İnternetdən tapa bildiyim yeganə müəyyən dərəcədə müfəssəl videolar 1990-cı ilin bir qısa sənədli filmi http://www.youtube.com/watch?v=tv62hOBEbA4Mirəfqan Sultanovun montaj etdiyi bir video oldu: http://www.youtube.com/watch?v=1MIYagcnDPo. Bəzi qanlı səhhnələrə görə baxarkən ehtiyatlı olmaq məsləhət görülür.

Azərbaycanda faciəli hadisələri öz gözləri ilə görərək lentə almış, bir sıra mükafatların laureatı, Rusiyada “Novaya Qazeta” qəzetinin xüsusi müxbiri Viktoriya İvlevanın çəkdiyi foto-şəkillər “FotoSoyuz” agentliyinin arxivində:
http://www.fotosoyuz.ru/ru/catalog/&vqFrnepu=382452313?paging_curPage=1&искать=ИВЛЕВА Виктория&newSearchFlag=1 Nəzərə alın ki, onun bu yazıda istifadə olunmuş 1990-cı il yanvar fotolarından bəziləri, həmçinin 1992-ci il Qarabağda Xocalı qırğını zamanı qətlə yetirilmiş mülki azərbaycanlı əhalinin təsvirləri daha axtarış nəticələrində çıxmır.

One thought on “Santyaqo de Baku

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s