Olmaz, olmaz, olmaz…
Bir il əvvəl, 2010-cu ilin yayında Bakıya geri qayıdanda Yeni Yasamaldakı yeni evimizə gəldik. Onda başa düşdüm ki, 30 ildir İçəri Şəhər, bulvar, fəvvarələr meydanının əhatəsində yaşayıb, şəhərimizin qonaqlara göstərilən “açıqça” tərəfini görmüşəm.
Yaxın ətrafda istirahət etmək üçün nə bir yaşıllıq, nə bir park, havada ətrafdakı tikintilərin toz-dumanı, gecəni betonvuran maşınların qulaqbatıran taqqıltısını dinləmək, səhər tezdən isə əlacsızlıqdan bir-birini itələyə-itələyə avtobusa doluşub, əzik-üzük olmuş ləyaqətlərinin qalıqlarını dişlərində tuta-tuta, sürücüyə çəmkirərək “mehribanlaşmaq”dan gömgöy olmuş həmvətənlərimlə işə getmək – tamam başqa Bakıdır. Zibil dolu torbaları günlərlə qapısının ağzına qoyub bütün mərtəbəni “ətirləməyə”, sevimli mahnılarını tükürpədici səslə başqalarına dinlətməyə ehtiyac olmadığını izah etməli olduğun qonşularla bir binada yaşamaq da tamam başqa aləmdir.
Ümumiyyətlə mən bütün mənfiliklərin günahını “xalq”da görənlərlə razılaşmıram, hər şeyin maarifləndirmə ilə düzələ biləcəyinə inanıram. Vaxtilə məktəblərdə Mayakovskinin məşhur şeirindəki kimi “yaxşı nədir, pis nədir” öyrədilərdi, böyüklər də kiçiklərə “ağsaqqallıq” edərdilər. İctimai qınaqla birlikdə vətəndaşları maarifləndirmək üçün müxtəlif təbliğat vasitələri istifadə olunardı. Yəqin məhz indi bu sahədə olan boşluğa görədir ki, Qınağəlinin simasında “Qınıyıram!” şüarı ilə başlamış İctimai Qınaq Hərəkatı qısa bir zamanda milli internet məkanında belə geniş populyarlıq qazanıb.
Uzun sözün qısası, bir maarifləndirici plakat düzəldib, binamızda vurmaq fikri çoxdan ağlıma gəlmişdi. Onu liftimizə vuracaqdım, çünki, liftimizin döşəməsi tum qabığından tutmuş, işlənmiş kontur kartına, tüpürcəkdən tutmuş, xarakterik üfunət verən sarımtıl mayeyə qədər hər şey görmüşdü. Plakatın konsepsiyası da hazır idi – “Olmaz”: bunu etmək olmaz, onu etmək olmaz, axırda da, üzr istəyirəm, “adam eşşək olmaz”. Bu fikrimi Qınağəlinin dostu İlqar Mirzə ilə də bölüşmüşdüm, Bloqçuların və Yeni Media Mütəxəssislərinin Forumu “Bloqosfer 2011“ə gedəndə isə artıq dizayn hazır idi. Forumda şəklini göstərdiyim bir neçə nəfər arasında Vüqar Səfərov plakatı çox bəyəndi, hətta kampaniya başlamağı, video da hazırlamağı təklif etdi.
Forumdan qayıtdıqdan sonra bir gecə plakatı printerdə çap edib yapışqan lentlə liftin divarına yapışdırdım. Sonra isə şəklini çəkdim ki, sonrakı günlər qonşuların bu plakatın başına gətirəcəyi “müsibət”ləri qeydə alaraq, burada paylaşım. Adətən, “Bakıeletrikşəbəkə”nin işıq pulu barədə elanlarının başına çoxlu “müsibət”lər gətirilir, bizim plakat isə neçə həftədir ki, göz dəyməsin, sapsağlam divarda durur. Bir neçə nəfər hətta iddia edir ki, indi liftimizi daha əvvəlki kimi zibilləmirlər.
Əgər siz də bir neçə qonşunuzun pintiliyindən bezibsinizsə və bu plakatı bəyəndinizsə, onu buradan PDF formatda yükləyib, çap edin. Bilmək olmaz, bir də gördünüz rəhmətlik Məmmədbağır Bağırzadənin “Olmaz, olmaz, olmaz…” mahnısı ilə bir kampaniya da başladı.P.S. Nəhayət ki, bu gün – 7 oktyabr plakatımızın başına iş gəldi. Qonşulardan kimsə dözməyib plakatın üstünə “Adam … olmaz” rebusunun açmasını yazdı.
P.P.S. Deyəsən gözümüz dəydi. Bir neçə gün sonra – 12 oktyabr plakatımızı cırdılar. Amma göründüyünə görə ya qoparda bilməyiblər, ya da kimsə yenidən yapışdırıb.






posterlər gözəl ideyadır! bəlkə belə biraz maariflənmə olar, insanlar başa düşərlər bəzi şeyləri
Fərid - 24 September 2011 at 12:57 |
Razıyam, Fərid, əgər bəyəndinizsə, utanmayın, PDF-i yükləyin, çap eləyib, binanıza vurun. Maraqlı nəticələr olsa, burada bölüşün
Araz - 29 September 2011 at 16:35 |
Belə bir şey mən də hazırlamışdım. Sırf şəkilli deyildi ancaq siqaret zibilləmək tüpürmək olmaz və bir iki məsləhət və nəsihət verici cumləılər yazıb yapışdırmışdım liftə. iki gun keçmədi yarısını yandırdılar yarısını da elə yox elədilər ki təzəsini yapşdırmaqla bağlı heç həvəs qalmadı.
Elkhan L Mefisto - 13 October 2011 at 11:41 |
Elxan, bəlkə elə bizim plakatı çap edib yenə vurasınız, görək nə olur?
Araz - 13 October 2011 at 17:09 |
Mənə ele gəlir ki, posterə göz dəymədi, sadəcə əlavə olunan “eşşək” sözü birilərini qıcıqlandırdı və o “saatlı bomba” oldu poster üçün. Keçmiş olsun. Cıranlar yorulmadıqca, yapışdıranlar da yorulmamalıdır! Yeni – yeni uğurlar diləyirəm.
ismixan yusubov - 15 October 2011 at 16:37 |